Asiya və Afrika ölkələri tarixi kafedrasında “XX əsrin 70-80-ci illərində Asiya ölkələri ilə (Hindistan, İran, Əfqanıstan, Pakistanın timsalında) Azərbaycan SSR arasında kitab çapı və kitab mübadiləsinin aparılması mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
22 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının 5503.01 “Ölkələr tarixi” ixtisası üzrə qiyabi doktorantı Günel Yusifovanın elmi seminarı keçirilmişdir. Seminar “XX əsrin 70-80-ci illərində Asiya ölkələri ilə (Hindistan, İran, Əfqanıstan, Pakistanın timsalında) Azərbaycan SSR arasında kitab çapı və kitab mübadiləsinin aparılması mövzusuna həsr olunmuşdur.
Məruzədə Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafında kitab nəşri və mübadiləsinin əhəmiyyətindən bəhs edilib. Tədqiqatın əsas məqsədi XX əsrin 70-80-ci illərində beynəlxalq siyasi şəraitin bu əlaqələrə təsiri, eləcə də İran, Hindistan, Əfqanıstan, Pakistan ilə kitab nəşri və mübadiləsi sahəsində əməkdaşlığın aparılması, kitab mübadiləsinin elmi, mədəni və ideoloji əhəmiyyətini araşdırmaq olmuşdur. XX əsrin 70–80-ci illərində Azərbaycan SSRİ tərkibində olsa da, beynəlxalq kitab mübadiləsi və nəşri sahəsində geniş fəaliyyət göstərmiş, Avropa və Asiya ölkələri ilə mədəni əlaqələrin qurulmasına töhfə vermişdir. Həmin dövrdə kitab nəşri dövlət nəzarəti altında həyata keçirilsə də, bu sahə elmi-texniki biliklərin yayılması və ideoloji təsirin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
İran, Hindistan, Pakistan və Əfqanıstan ilə qurulan nəşriyyat əlaqələrinə diqqət çəkərək bildirib ki, qarşılıqlı tərcümə və nəşr fəaliyyəti nəticəsində Azərbaycan ədəbiyyatı bu ölkələrdə geniş yayılmış, eyni zamanda həmin xalqların ədəbi nümunələri Azərbaycan oxucusuna çatdırılmışdır. Bu proses xalqlar arasında mədəni körpülərin formalaşmasına xidmət etmişdir.
Azərbaycan Dövlət Mətbuat Komitəsi, “Azərnəşr”, “Azərkitab”, M.F.Axundov adına Dövlət Kitabxanası və Elmlər Akademiyasının Əsaslı Kitabxanası bu istiqamətdə mühüm rol oynamış, beynəlxalq kitab mübadiləsi vasitəsilə yüzlərlə təşkilatla əməkdaşlıq qurulmuşdur.
Məruzədə həmçinin vurğulanıb ki, beynəlxalq kitab mübadiləsi Azərbaycan alimlərinin elmi əsərlərinin xaricdə yayılmasına, xüsusilə neft, texnika və digər sahələr üzrə biliklərin ötürülməsinə şərait yaratmışdır. Bununla yanaşı, məruzəçi qeyd edib ki, həmin dövrdə bu fəaliyyət müəyyən ümumilikdə mədəni əlaqələrin inkişafına mühüm töhfə vermişdir. Yekun olaraq məruzəçi tərəfindən bildirilib ki, müasir dövrdə Azərbaycan bu tarixi təcrübədən faydalanaraq beynəlxalq mədəni əməkdaşlığını daha da genişləndirir və kitab nəşri sahəsində qlobal inteqrasiyanı davam etdirir.