Arxeoloq Əjdər Babazadə praktik seminar keçib
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində arxeoloq Əjdər Babazadənin "Prehistorik dövrlərdə kəsici daş alətlərin texno-tipologiyası: insan təkamülündə yeri və rolu" mövzusunda praktik seminarı keçirilib.
Praktik seminar zamanı əyani vəsait olaraq tədbir iştirakçılarına daş, sümük və ağacdan hazırlanan qədim əmək alətləri göstərilib.
Arxeoloq Əjdər Babazadə ölkəmizdə eksperimental arxeologiyanın inkişafına dəstək vermək üçün 3 milyon il bundan əvvəl istifadə olunan qədim dövrlərə aid ibtidai əmək alətlərini düzəldir, onların eskizlərini hazırlayır. O, hazırladığı qədim alətlər əsasında Eksperimental arxeologiya laboratoriyası yaradıb.
Əjdər Babazadə seminarda bu laboratoriyada prehistorik (tarixə qədərki) dövrlərin (paleolit, mezolit, epi-paleolit və neolit) yonma texnologiyaları ilə kəsici daş alətlərin tipoloji və texnoloji xüsusiyyətlərinin öyrənildiyini bildirib. Qeyd edib ki, laboratoriyada üç milyon ildən artıq dövr ərzində insanın əcdadlarının həyatda qalmasının ən vacib silahı olan yonma daş alətlərinin bütün tipləri araşdırılır və modelləri hazırlanır. Eyni zamanda qədim yaşayış düşərgələrindən əldə edilən kəsici daş alətlərin hazırlanma prosesi zamanı əcdadlarımızın prehistorik həyat şəraitləri - ovçuluq, qidalanma, sığınma, geyinmə kimi davranış və həyatda qalmaq uğrunda mübarizələri öyrənilir.
Seminarın sonunda arxeoloq tələbələri maraqlandıran sualları cavablandırıb, onları ekspedisiyalara dəvət edib.