Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi Əmanət Allahverən qızı Əsədovanın elmi seminarı keçirilmişdir.
-lg.jpg)
30 oktyabr 2025-ci il tarixində Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi Əmanət Allahverən qızı Əsədova 5 illik elmi plana uyğun olaraq “Milli oyun və tamaşaların etnomədəni miras olaraq müasir əhəmiyyəti (Zəngəzur materialları əsasında)” mövzusunda elmi seminar keçirmişdir. Müəllif bu mövzu ilə bağlı indiyədək aparılmış tədqiqatlar barədə iştirakçılara məlumat vermiş daha sonra isə özünün yanaşmasını təqdim etmişdir.
Oyunlar insanın özünütəyinetmə və özünütəsdiqetmə prosesində göstərilən cəhdlərdən doğan aktdır. Tədqiqatçılara görə oyunların tarixi mədəniyyətin tarixindən daha qədimdir. Mədəniyyətdən öncəki insan kimi XXI əsrin insanı da öz daxilində oynamağa, rəqs etməyə, əqli və fiziki qabiliyyətləri hesabına yarışmağa, yaxud da sadəcə oynayaraq əylənməyə qarşısıalınmaz bir meyl hiss edir. Bütün oyunlar növünə uyğun strateji məqsədə malik olmaqla insanın inkişaf və təkamülündə müəyyən rol oynamadadır. Fiziki oyunlar sadəcə uşaqda mühərrik aktivliyi yaradır, strateji oyunlar əldə olunacaq nəticəni olduqca tez proqnozlaşdırmaq bacarığı formalaşdırır, stoxastik oyunlar nəzarət olunmayan, qabaqcadan nəzərdə tutulmamış vəziyyətə düşdükdə riskli hərəkət etmək bacarığı yaradır, rol oyunları uşağa bir standart sosial statusdan başqasına keçid bacarığı öyrədir.
Ənənəvi xalq oyun və tamaşaları fərdin inkulturasiyası və sosiallaşması prosesinin ilkin mərhələsində əsas vasitədir. XX və XXI əsrdə sürətlə inkişaf edən texnologiya və qloballaşmanın nəticələri xalq oyun və tamaşalarımıza da təsir etmişdir. Qloballaşma ilə bağlı yaranan yeni maraq dairələri və texnologiyanın gətirmiş olduğu yeni əyləncə və oyunlar, televiziya proqramları əvvəllər çox rəvacda olan bir çox xalq oyun və tamaşalarımızın unudulmasına, uşaqlar və gənclər tərəfindən artıq bilinməməsinə, oynanılmamasına gətirib çıxarmışdır. Bu baxımdan xalq oyun və tamaşalarımız qorunması vacib olan mədəni mirasımızdır. Bu mirasın qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi vacib olduğu qədər elmi cəhətdən araşdırılması da bir o qədər əhəmiyyət kəsb edir. Belə ki, bu oyun və tamaşalarda icra edilən idman hərəkətləri, yerinə yetirilən qayda və qanunlar iştirakçıların, oyunçuların, tamaşaçıların fiziki sağlamlığı cəhətdən xeyirli olduğu qədər, zehni-psixi sağlamlıq və inkişaf üçün də faydalıdır. Həmçinin dünyanın bir çox yerində öz yaşıdları ilə sosial baxımdan münasibət qura bilməyən zehni cəhətdən qüsurlu olan, autizm və bir çox psixi xəstəliklərə düçar olmuş uşaqların, həmçinin böyüklərin də bir çox psixi və fizioloji xəstəliklərinin müalicəsində xalq tamaşa və oyunlarının effektiv təsiri elm dünyasında isbat olunmaqla bu sahəyə maraq müasir dövrümüzdə öz aktuallığını daha da artırır. Uşaqların fiziki, psixi, sosioloji və estetik baxımdan sağlam inkişafı, sosiallaşması, həyata hazırlanmasında xalq oyunlarımız əvəzedilməz vasitədir.
“Yeddidaş” oyunu, onun bir başqa variantı kimi “Yeddişüşə”, “aşıq-aşıq”, “Gizlənpaç” kimi uşaq oyunları hələ də məişətdə gündəlik oynanılan kimi gözə çarpmaqdadır. “Dirədöymə”, Baharbənd”, “Şatırlıq”, “Nizədəsmal”, “Cəhribəyim”, “Qazlarqazlar” kimi oyunlar isə artıq unudulmaqdadır. Cəng yarışları sırasında at çapmanın-cıdırın ən öndə durması təsadüfi olmayıb, atçılığın əsas təsərrüfat sahələrindən biri olan xalqın etnik mənşəyi ilə əldaqələndirilməlidir. Genetik olaraq məhz türkün təsərrüfat məişəti və həyat tərzindən doğan və buna görə də türklərə aid olması daha aşkar görünən xüsusi güc, qüvvət və çeviklik, at çapma məharəti tələb edən “Çövkan” bütün orta əsrlər boyu populyar olmuşdur. Türk dünyasında təşəkkül tapmış digər oyun növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmşdır. Məhz ingilislərin təşəbbüsü ilə bu oyun “polo” adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu adla təsbit edilmişdir. Zəngəzur bölgəsi üçün tipik sayılan “Kilimarası” oyunu ailə-məişət mövzusundadır. “Kaftar” oyunu Kəlbəcərin, əsasən, Oruclu və Ağcakənd kəndlərində oynanılırdı. Ağır ritmli havanın müşayəti ilə bayramlarda oynanılardı. Gəlin gələndə birinci “Kilimarası” göstərilərdi, sonra “Maral” oyunu oynanılardı.
Seminarda Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimləri Tarix Dostiyev, Qənirə Pirquliyeva, Hicran Mahmudova çıxış edərək movzu ilə bağlı mülahizələrini diqqətə çatdırmışlar. Tədbirdə Arxeologiya və etnoqrafiya kafedrasının digər müəllimləri. doktorantl və magistrantları, habelə elmi laboratoriyanın əməkdaşları iştirak etmişlər. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmış və müəyyən tövsiyyələr edilmişdir.