Arxeologiya və Etnoqrafiya kafedrasının Hacıyeva Elmira Əli qızının “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması” mövzusunda elmi seminarı keçirilib
-lg.jpg)
21 aprel 2026-cı il tarixində Arxeologiya və Etnoqrafiya kafedrasının 5101.01 – “Mədəni antropologiya” ixtisası üzrə qiyabi doktorantı Hacıyeva Elmira Əli qızının “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması” mövzusunda elmi seminarı keçirilib.
Məruzəçi çıxışında süni intellekt (Sİ) texnologiyalarının – xüsusilə hərəkət analizi, kompüter görməsi və maşın öyrənməsi metodlarının rəqslərdə jest, ritm və milli üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsindəki rolunu geniş izah edib. Dünya təcrübəsinə (Türkiyə Cümhuriyyəti və Çin Xalq Respublikası) istinad edən Elmira Hacıyeva rəqslərlə bağlı tətbiq olunan alqoritmik yanaşmalardan bəhs edərək, bu istiqamətin qeyri-maddi mədəni irsin qorunmasında əvəzsiz vasitə olduğunu vurğulayıb.
Gənc tədqiqatçı çıxışı zamanı rəqsdə milli elementlərin aşkarlanması üçün əsasən istifadə olunan CNN, YOLO, LSTM, RGNN modelləri və onların xüsusiyyətləri barədə məlumat verərək qeyd edib ki, rəqs həm məkan, həm də vaxt xüsusiyyətlərinə malik olduğu üçün bu istiqamətdə hibrid modellər (məsələn, CNN+LSTM və ya YOLO+RGNN) daha yüksək dəqiqlikdə nəticə təqdim edir.
Seminarda dövlət başçısı Prezident İlham Əliyev tərəfindən 19 mart 2025-ci il tarixli sərəncamla təsdiq edilən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası"dan irəli gələn məsələlər vurğulanıb və dövlət başçısının bu istiqamətdə atdığı addımlar qeyd olunub.
Məruzədə Sİ alqoritmləri vasitəsilə hərəkətlərin dəqiq analizi milli rəqs ənənələrinin orijinal formada gələcək nəsillərə ötürülməsinə və mədəni irsin qorunmasında xüsusi rolu olduğu vurğulanıb.
Elmi seminarda Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, t.e.d., dosent Tarix Dostiyev, kafedranın müəllimləri t.ü.f.d., dosent Rəna İbrahimova, t.ü.f.d., Hicran Mahmudova, Azərbaycanın Maddi Mədəniyyəti ETL-in aparıcı elmi işçisi, t.ü.f.d. Asəf Hacıyev, əməkdaşı Elşad Bağırov, BDU Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin mütəxəssisi Dilarə Novruzova və BDU tarix fakültəsinin bakalavr və magistr pilləsinin tələbələri iştirak ediblər.
Məruzə mövzunun aktuallığı, elmi yanaşma tərzi və təqdim olunan nəticələr baxımından iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Elmi seminar mövzu ətrafında sual-cavab və elmi istiqamətin gələcək perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.