Arxeologiya və etnoqrafiya kafedrasında “Azərbaycanın etiket qaydalarında ailədaxili münasibətlər” adlı elmi seminar keçirilmişdir.
19 may 2025-ci il tarixində Arxeologiya və etnoqrafiya kafedrasının doktorantı İlahə Şahin qızı Sarıyevanın “Azərbaycan ailəsində ünsiyyət mədəniyyəti: ənənəvi etiketin transformasiyası” adlı dissertasiya işinə uyğun olaraq “Azərbaycanın etiket qaydalarında ailədaxili münasibətlər” adlı elmi seminar keçirilmişdir.
Məruzəçi bu mövzuyla bağlı indiyədək aparılmış tədqiqatlar barədə iştirakçılara məlumat vermiş, sonra isə özünün yanaşmasını təqdim etmişdir.
Azərbaycan ailəsi yalnız qan qohumluğu deyil, həm də mədəni və etik dəyərlər sisteminə əsaslanan kompleks bir institut kimi təqdim olunur. Ailədaxili etik qaydalar əsasən xalq dəyərləri, İslam dini, sovet dövrü tərbiyəsi və müasir dəyişikliklərin təsiri ilə formalaşmışdır. Böyüklərə hörmət ənənəvi ailə sistemində əsas dəyər kimi ön planda tutulur və ailə harmoniyasının qorunmasına xidmət edir. Ailədaxili məsuliyyət bölgüsü əvvəl kişi və qadın rollarına əsaslansa da, müasir dövrdə daha çevik və qarşılıqlı razılaşma əsasında aparılır. Əxlaqi tərbiyə və nəsihət ailə daxilində uşaqlara milli-mənəvi dəyərlərin ötürülməsində əsas vasitədir.
Qonaqpərvərlik, Azərbaycan ailəsində “Tanrı qonağı” anlayışı ilə yanaşılan, mədəni və dini əsaslara söykənən güclü bir etik davranış nümunəsidir. Namus və şərəf ailənin nüfuzunu müəyyən edən əsas anlayışlardandır və fərdi davranış ailənin bütövlükdə qiymətləndirilməsinə səbəb olur. Qadınların davranışı cəmiyyət tərəfindən xüsusi diqqətlə izlənir və ailənin şərəfi ilə birbaşa əlaqələndirilir. Müasir dövrün təsirləri, o cümlədən urbanizasiya, texnologiya və sosial şəbəkələr, ailə dəyərlərinə yeni forma və məzmun qazandırır. Ənənəvi və müasir dəyərlər arasında balans yaratmaq ailə institutunun dayanıqlığını qorumaq üçün vacibdir.
Seminarda BDU Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimləri dosent, t.ü.f.d. Qanira Pirquliyeva və t.ü.f.d. Hicran Mahmudova çıxış edərək mövzu ilə bağlı mülahizələrini diqqətə çatdırmışlar. Tədbirdə Arxeologiya və etnoqrafiya kafedrasının magistrantları, eləcə də kafedranın digər müəllimləri iştirak etmişlər. Sonda iştirakçılar tərəfindən onları maraqlandıran suallar cavablandırılmış və kafedra müəllimləri tərəfindən gənc tədqiqatçıya tövsiyələr edilmişdir.