Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Böyük Zəfərin Başlanğıcı - Aprel Döyüşləri” adlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin Könüllülər təşkilatının Geologiya, Tarix və Fizika fakültələrinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Böyük Zəfərin Başlanğıcı - Aprel Döyüşləri” adlı tədbir keçirilib. Tədbir Tarix fakültəsinin dekanı İbrahim Zeynalovun çıxışı ilə açıq elan edilib. O, öz çıxışında Azərbaycan tarixində baş vermiş döyüşlər haqqında geniş məlumatlar vermiş, xalqımızın əsrlər boyu soyqırımlara məruz qalmasından bəhs etmişdir, Aprel döyüşlərində göstərilən qəhramanlıqlar və azad edilmiş ərazilərimiz haqqında ətraflı məlumatlar vermişdir. Tədbirdə iştirak edən Vətən müharibəsi qazisi Musa Abbasov və Vətən müharibəsi iştirakçısı Ruslan Əhmədov da çıxış ediblər. Onlar öz çıxışlarında döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər. Bədii hissə Ümumilli lider Heydər Əliyevin söylədiyi dahi şair Səməd Vurğunun “Azərbaycan” şeiri ilə başlayıb. Daha sonra Geologiya fakültəsinin tələbəsi Nurcan İbrahimova “Azərbaycan Əsgəri”, Fizika fakültəsinin tələbəsi Günay Aslanova “Zəfər Bayrağı” şeirlərini və tədbirdə iştirak edən şairə Rəşidə Hüseynova öz bəstəsi olan “Şəhidin sevdiyi” şeirini Tunar Tağızadənin tarda müşaiyəti ilə səsləndiriblər. Sonra Geologiya fakültəsinin I kurs tələbəsi Fatimə Əliyevanın ifasında Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i Tunar Tağızadənin tarda, Rəvan Məmmədovun gitarada müşaiyəti ilə səsləndirilib. Sonda tədbir Aprel Döyüşlərinə aid olan videoçarxın nümayişi ilə başa çatdırılıb və xatirə şəkilləri çəkdirilib.