MƏNBƏŞÜNASLIQ, TARİXŞÜNASLIQ VƏ METODİKA KAFEDRASINDA “IV SƏNAYE İNQILABININ ÇAĞIRIŞLARI VƏ AZƏRBAYCAN” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLMİŞDIİR.
25 dekabr 2024-cü il tarixdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, t.ü.f.d. Arzu Xəlilzadənin “IV Sənaye İnqilabının çağırışları və Azərbaycan” mövzusunda elmi seminarı keçirilmişdir. Elmi seminar IV Sənaye İnqilabının Azərbaycana təsirlərinə həsr olunmuşdur. Fakültə rəhbərliyinin, professor-müəllim heyətinin, doktorant, magistrant və tələbələrin iştirakı ilə baş tutan seminarda dosent Arzu Xəlilzadə çıxışında qeyd etdi ki, müasir dünyada dövlətlərin iqtisadi inkişafı bilavasitə sənayenin üzərində qurulub. Sənaye sektoru müxtəlif mərhələlərdən keçərək elmi və texnoloji yeniliklər nəticəsində həyatımızın bütün sahələrinə öz əksini tapıb. Hazırda isə sənaye sahəsi özünün yeni mərhələsinə qədəm qoymaqdadır. Elmi dairələrdə bu yeni dövrü “IV Sənaye inqilabı” dövrü adlandırırlar. Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə əlaqədar olaraq sürətli dəyişikliklər baş verir və dünya dövlətləri bu yeniliklərə uyğunlaşmağa çalışırlar. IV Sənaye inqilabı dövründə müsbət və mənfi çağırışlar yaranmışdır və dünya dövlətləri onlara cavab vermək imkanlarına malik olmağa çalışırlar. Dünyanın mötəbər elmi mərkəzlərində, araşdırma dairələrində tez-tez səsləndirilən bu yeni dövr haqqında müzakirələr mühüm aktuallıq kəsb edir. Eyni zamanda Elmi Seminarda o da qeyd edildi ki, IV Sənaye inqilabının əsas xüsusiyyəti onun bəşəriyyət üçün mühüm texnoloji irəliləyişlər – insanın iştirakı olmadan idarə edilən avtomobillər, 3D çap, qabaqcıl robot texnikaları, genlərin redaktə edilməsi, əşyaların interneti, insan bədəninə implantasiya edilmiş telefonlar, şirkətlərin rəhbərliyinin tərkibində süni intellekt, blokçeyn vasitəsilə verginin toplanması və s. vəd etməsi məsələsi də gündəmdədir. Bütün bu məsələlərlə bağlı geniş məlumat verən dosent Arzu Xəlilzadə iştirakçıların suallarını da cavablandırmışdır. Seminarda fakültə dekanı professor İbrahim Zeynalov, elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, kafedra müdirlərindən dosent Azad Rzayev, dosent Mehman Abdullayev, fakültənin müəllimləri maraqlı və ətraflı çıxışa görə Arzu Xəlilzadəyə təşəkkürlərini bildirmişlər.