“9 May - faşizm üzərində Qələbə gününə həsr olunmuş” tədbir keçirilmişdir.
08.05.2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində “9 May - faşizm üzərində Qələbə gününə həsr olunmuş” tədbir keçirilmişdir. Tədbiri çıxış sözü ilə açan Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov faşizm üzərində qələbənin heç də asan başa gəlmədiyini, yüzlərlə-minlərlə həmvətənlərimizin bu qələbə naminə canlarından keçdiklərini, ölkəmizin hüdudlarından çox uzaqlarda mərdliklə vuruşaraq həm də doğma Azərbaycan torpaqlarını qoruduqlarını qeyd etmişdir. Sonra çıxış edən Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli faşizm üzərində qələbənin əldə olunmasında ön və arxa cəbhələrdə iştirak edən azərbaycanlıların fəal iştirakından, onlarda vətənə məhəbbət, milli təəssüb, həmrəylik hissinin güclü olmasını vuğulamışdır. Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev xalqımızın daimi qəhrəmanlığı və şücaətindən söhbət açmış və 44 günlük Vətən müharibəsində bütün dünyanın bunun bir daha şahidi olmasını qeyd etmişdir. Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov qələbənin əldə edilməsində Bakı neftinin və sənaye müəssisələrinin danılmaz rolundan faktlarla çıxış etmişdir.