18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi seminar keçirilmişdir.
17 aprel 2025-ci il tarixində Bakı Dövlət Univeristetinin Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının və BDU-nun Tarixi muzeyinin birgə təşkilatçılığı ilə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi seminar keçirilmişdir. Tədbirdə Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri t.e.d., dosent Tarix Dostiyev və BDU-nun Tarixi muzeyinin müdiri Günel Orucəliyeva, Arxeologiya və etnoqrafiya kafedrasının əməkdaşları və magistrantları, fakültənin III kurs tələbələri iştirak etmişdilər.
Elmi seminarı giriş sözü ilə açan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova bu günün təsis olunma tarixi, əhəmiyyəti, bütün Azərbaycan ərazisində, o cümlədən, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda qədim irsimizə şahidlik edən abidələrimizin qorunmasının, gələcək nəslə ötürülməsinin vacibliyini vurğuladı.
Sonra Tarix fakültəsi Arxeologiya və etnoqrafiya kafedrasının II kurs magistrantı Aynur Ağayeva “Arxeoloji abidələrdə qədim şəhərlərimizin gündəlik həyatının əksi” adlı məruzəsində II Kültəpə və Həsənli yaşayış yerlərində, Manna şəhərində aparılan qazıntılar nəticəsində əldə olunmuş tapıntıların şəhər mədəniyyətimizin öyrənilməsindəki əhəmiyyətinə yer verərək, tərtib etdiyi slaydlar əsasında ilkin şəhərlərimizdə əhalinin gündəlik həyatı ilə bağlı seminar iştirakçılarında ətraflı təsəvvür yaratmağa nail oldu.
Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, t.e.d., dosent Tarix Dostiyev tədbirin yekun sözündə bildirdi ki, Azərbaycanın Konstitusiyasının 77-ci maddəsinə əsasən, bütün vətəndaşların borcu tarixi abidələri qorumaqdır və odur ki, tarixçi alimlər, tələbələr bu baxımdan maddi mədəni irsinmizlə bağlı daha da məsuliyyətli olmalı, onlara sahib çıxmağı bacarmalıdır. O, öz çıxışında Qarabağ və Şərqi Zəngəzurda son illərdə aparılan arxeoloji qazıntılara, dağıdılan tarixi abidələrin bərpasına diqqət çəkərək, dövlətimizin həm daxili, həm xarici siyasətində tarixi-mədəni abidələrimizin, mədəni irsimizin qorunmasının mühüm yer tutduğunu bildirdi.
Elmi seminar iştirakçılar tərəfindən maraqla qarşılandı.