“100-cü ilində Türkiyə Cümhuriyyəti: dünəni, bu günü, sabahı” mövzusunda Dəyirmi masa
Oktyabr ayının 27-də Tarix fakültəsində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş “100-cü ilində Türkiyə Cümhuriyyəti: dünəni, bu günü, sabahı” mövzusunda Dəyirmi masa keçirilmişdır. Tədbirdə Tarix fakültəsinin əməkdaşları ilə bərabər, dəvətli qonaq qismində Türkiyədən Bursa Uludağ Universitetinin professoru Mehmet Yüce, Avrasiya Jurnalistlər Assosiasiyasının rəhbəri, “Devri-Alem” sənədli proqramının prodüseri (Avrasiya Gazeticileri Derneği bakanı, Devri-Alem belgesel program yapımçısı) İsmail Kahraman, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə sorumlusu, AMEA Qafqazşünaslıq İnstitutunun elmi işçisi Fərahilə Babayeva, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Sevinc Əliyeva iştirak etmişlər.
Tədbiri Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov açdıqdan sonra Azərbaycan və Türkiyə Cümhuriyyətinin himnləri səsləndirildi, həm Azərbaycanın, həm də Türkiyənin müstəqilliyi yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Türkiyənin Milli İstiqlal müharibəsinə həsr edilmiş video nümayiş etdirildi.
Daha sonra fakültədə nəşr olunan, Ali Attestasiya Komissiyasının nüfuzlu elmi nəşrlər siyahısına daxil edilmiş “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnalın (https://aak.gov.az/single/426) Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş 2023-cü il tarixli 3-cü sayı tədqim edildi. Professor İbrahim Zeynalov “Tarix və onun problemləri” jurnalının nəşri tarixindən, respublika elmi ictimaiyyəti üçün əhəmiyyətindən danışdı, jurnalın təsisçisi və baş redaktoru, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarovaya və jurnalın nəşrində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Qabil Əliyev “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa” mövzusunda məruzə etdi. Məruzədən sonra qonaqlardan professoru Mehmet Yüce, İsmail Kahraman və professor Sevinc Əliyeva, BDU-nun dosentləri Səidə Əli qızı və Sevinc Ruintən müzakirələrə qatıldılar. Sonda iclasın sədri qonaqlara, dəyirmi masa iştirakçılarına maraqlı tədbir üçün təşəkkür etdi.