“Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirilmişdir.
18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçirilmişdir. Konfransda Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, fakültənin professor-müəllim heyəti, doktorant, magistrant və tələbələri, eləcə də müxtəlif elm-təhsil müəssisələrindən qonaqlar iştirak ediblər.
Konfrasın açılışında əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov giriş sözü ilə çıxış edərək abidələrin qorunması, gələcək nəsillərə ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan konfransda gənclərin aktivliyinin sevindirici hal olduğunu vurğuladı.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Milli tariximizin öyrənilməsində abidələrin və tarixi yerlərin əhəmiyyəti” adlı məruzəsində tarixi abidələrin xalqın qədim tarixinin, identikliyinin göstəricisi olduğunu, onların içərisində arxeoloji abidələrin xüsusi yer tutduğunu bildirdi. O, Respublikanın müxtəlif elmi-tədqiqat müəssisələrdən (AMEA Arxeologiya və Antropologiya İnstitutu, Bakı Dövlət Universitetinin Qazax filialı, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Lənkəran Dövlət Universiteti, “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğu, “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu) daxil olan çoxsaylı tezislərdən 41-nin konfransın təşkilat komitəsi tərəfindən qəbul edildiyini bildirdi.
Bakı Dövlət Universitetinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov milli-mədəni irsimizin, tarixi kökümüzün araşdırılması və təbliğində gənclərin rolunu vurğuladı, dünya muzeylərində olan, eləcə də erməni vandalizminə məruz qalmış maddi mədəniyyət nümunələrimizə sahib çıxa bilmək üçün elmi tədqiqatların aparılmasının vacibliyini bildirdi.
Konfransın təşkilində yaxından kömək edən Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra tarixi abidələrimizin araşdırılmasının yeni mərhələsinin başlanmasının və bu tədqiqatlarda gənclərin fəal iştirakının əhəmiyyətini xüsusi qeyd etdi.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Turan Eldarov Qobustan abidələrinin tədqiqatları: tarixi, müasirlik və perspektivlər” mövzusunda məruzə edərək, abidənin öyrənilmə tarixi və müasir tədqiqat metodları ilə bağlı maraqlı məlumatlar verdi.
“II Kültəpə yaşayış yeri: Azərbaycanın erkən şəhərlərində gündəlik həyat” mövzusunda məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin magistrantı Aynur Ağayeva abidənin tarixi əhəmiyyəti, aparılan arxeoloji qazıntılar nəticəsində ətraflı məlumat verdi.
Sonda Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova konfransın əhəmiyyətini xüsusi vurğuladı və müxtəlif elm müəssisələrindən gələn qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirdi. Plenar iclasdan sonra konfrans 6 bölmədə öz işini davam etdirdi.