BDU-nun Arxeologiya və Etnoqrafiya kafedrasının təşkilinin 50 illiyinə həsr olunan "Arxeologiya, Etnologiya və antropologiyanın aktual məsələləri" mövzusunda Respublika elmi konfransı
-lg.jpg)
Bakı Dövlət Universitetinin AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə 16-17 oktyabr 2026-cı ildə keçirilməsi nəzərdə tutulan, BDU-nun Arxeologiya və Etnoqrafiya kafedrasının təşkilinin 50 illiyinə həsr olunan "Arxeologiya, Etnologiya və antropologiyanın aktual məsələləri" mövzusunda Respublika elmi konfransı
Azərbaycan arxeologiyasının tarixində Bakı universitetinin rolu və əhəmiyyəti danılmazdır. 1919-cu ilin dekabrında Universitetin nəzdində yaradılmış "Müsəlman Şərqini öyrənən cəmiyyət" Azərbaycanın arxeoloji abidələrinin məqsədyönlü tədqiqinə ilk cəhd göstərən elmi qurum olmuşdur. 1922-ci ildə Şərq fakültəsi tərkibində Arxeologiya, numizmatika, etnologiya və etnoqrafiya kafedrası təşkili Azərbaycanda arxeologiyanın inkişafında, kadr hazırlığında mühüm hadisə idi. Amma, universitetdə arxeologiya və etnologiyanın inkişaf yolu hamar olmamışdır, kafedra fasilələrlə fəaliyyət göstərmişdir.
Azərbaycan SSR Ali və Orta ixtisas təhsili nazirliyinin Kollegiyasının 1976-cı il 30 iyun tarixli 12/5-li qərarı, Azərbaycan Dövlət Universitetinin rektorunun 10 iyul 1976-cı il tarixli 300/p № li əmri ilə "Arxivşünaslıq" kafedrası asasında "Arxeologiya və Etnoqrafiya kafedrası" təşkil olunmuşdur.
Azərbaycan arxeoloji məktəbinin formalaşmasında, eləcə də dünya əhəmiyyətli bir sıra arxeoloji kəşflər edilməsində Bakı Dövlət Universitetinin əməkdaşlarının, məzunlarının xidmətləri böyükdür.
Yuxarıda qeyd olunanları nəzərə alaraq BDU Arxeologiya və Etnoqrafiya kafedrasının təşkilinin 50 illiyinə həsr olunmuş Respublika elmi konfransının keçirilməsi nəzərdə tutulur.
Konfransın əsas məqsədi Azərbaycan arxeologiyası, etnologiyası, mədəni irs, antropologiyanın elmi problemləri, arxeologiya, etnoqrafiya və antropologiya fənlərinin tədrisi məsələlərini və təcrübələri müzakirə etməkdir.
Konfransın vəzifələri:
- Arxeologiya üzrə tədqiqat və tədris məsələlərini müzakirə etmək, tədqiqatçıları xalqımızın arxeoloji irsini tədqiq və təbliği, qədim və orta əsrlərin şəhərsalma və memarlıq ənənələrinin öyrənilməsi ilə bağlı məsələləri həll etməyə təşviq etmək;
- Etnologiya, etnoqrafiya fənlərinin tədrisi məsələləri müzakirə etmək, xalqımızın maddi və mədəni irsi, ənənəvi dəyərlərin qorunması ilə bağlı məsələləri həll etməyə təşfiq etmək;
- Fiziki antropologiya, mədəni antropologiya, şəhər antropologiyası üzrə tədqiqat və tədris məsələlərini müzakirə etmək.
Konfransda aşağıdakı elmi istiqamətlər üzrə mövzuların müzakirəsi nəzərdə tutulur:
- Daş, paleometal və dəmir dövrlərinin arxeoloji irsi
- Atropatena və Albaniyanın mədəni irsi
- Azərbaycanın qədim və orta əsr şəhərləri
- Etnologiya və antropologiyanın aktual məsələləri
- Arxeologiya və etnoqrafiya və antropologiya fənlərinin tədrisi məsələləri
Mühüm tarixlər:
Məruzələrin tezislərinin qəbulunun son günü: 15.09.2026-cı il
Qəbul olunan məruzələrin elan olunması: 10.10.2026-cı il
Konfransın açılışı: 16.10.2026-cı il