“XVIII ƏSR FRANSA İNQİLABI: YENİ ELMİ – METODOLOJİ BAXIŞ”
Bakı Dövlət Universitetində 27 mart – Azərbaycan Respublikasında Beynəlxalq Elm gününə həsr olunmuş tədbirlər silsiləsi davam edir. 30 mart 2022-ci ildə Tarix fakültəsində “XVIII əsr Fransa inqilabı: yeni elmi – metodoloji baxış” mövzusunda ustad dərsi keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova Azərbaycan Respublikasında “Elm günü” nün təsisi edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli fərmanı və onunla bağlı Bakı Dövlət Universitetində keçirilən silsilə tədbirlər haqqında qısa məlumat verdi və bu elmi tədbirlərin ali təhsil müəssisəsinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırılmasında müstəsna rol oynadığına diqqəti çəkdi.
Ustad dərsində Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Rövşən Hətəmov “XVIII əsr Fransa inqilabı: yeni elmi – metodoloji baxış” mövzusunda mühazirəni slayd materiallarla təqdim etdi və məruzə ilə çıxış etdi.
Məruzəçi bildirdi ki, müasir Fransa respublikası 1789-cu ildə başlamış inqilabın varisidir. İnqilabi triada – azadlıq, bərabərlik, qardaşlıq indiki Fransa respublikasının devizidir. Ölkənin başlıca milli bayramı isə 14 iyuldur – Bastiliya qalasının üsyançılar tərəfindən ələ keçirildiyi gündür. Özünün dağıdıcı və qanlı gedişatı ilə yadda qalmış Fransa inqilabı istər ölkə daxilində, istərsə də onun hüdudlarında birmənalı qarşılanmamışdır. XVIII əsr Fransa inqilabını bir çox tədqiqatçılar müasir Qərb sivilizasiyasına keçidi təmin etmiş tarixi əhəmiyyətli dönüş hadisəsi kimi qiymətləndirirlər. Mövzunun elmi tədqiqinə əsasən, XIX əsrin 20-30-cu illərindən etibarən başlanılmış və dövrümüzdə də davam etməkdədir. Bununla bağlı istər Fransada, istərsə də digər ölkələrdə yazılmış minlərlə elmi ədəbiyyat, məqalələr, keçirilmiş konfranslar və diskussiyalar dövrün aktual problemlərinin daha dərindən və obyektiv araşdırlmasına xidmət etmişdir.
Dosent Rövşən Hətəmov bir çox ali təhsil müəssisələrində və orta məktəblərdə XVIII əsr Fransa inqilabının tarixi mövzusunun sovet tarixçilərinin təqdim etdikləri müddəalar əsasında tədris olunduğunu bildirdi və qeyd etdi ki, hələ XX əsrin 80-ci illərinin sonlarından etibarən sovet tarixşünaslığında Fransa inqilabının yeni metodoloji yanaşmalar ilə və kommunist partiyasının ideoloji təzyiqi olmadan tədqiqinə başlanlılmışdı. Müasir dövrdə dünya tarix elminin nailiyyətlərinə və tədqiqat dairəsinə birbaşa çıxışın olduğunu nəzərə alaraq, XVIII əsr Fransa inqilabının tarixini elmi cəhətdən daha ətraflı öyrənmək imkanları mövcuddur.
Dərsin gedişində Fransa inqilabı ilə bağlı müasir tarix elminin təqdim etdiyi yanaşmalar ilə tanışlıq, sovet tarixşünaslığında hakim olmuş ehkamların elmi cəhətdən əsassızlığı, problemə müasir dövrün baxışları prizmasından yanaşma, mövzu ilə bağlı son tədqiqatlar və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
30 nəfərdən çox iştirakçı ilə iki saata yaxın davam edən ustad dərsi maraqlı müzakirələrlə yadda qaldı.