Tarix fakültəsinin magistrantları “MDB-nin Ən yaxşı gənc alimi - 2025” adına layiq görülüblər
Tarix fakültəsinin “Türk xalqları tarixi” kafedrasının I kurs magistrantı Əsgər Məmmədli və “Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika” kafedrasının I kurs magistrantı Arzu Tahirzadə 2025-ci ilin fevral ayında Qazaxıstanın Astana şəhərində keçirilən “MDB-nin Ən yaxşı gənc alimi - 2025” müsabiqəsində iştirak ediblər. Magistrantların müsabiqəyə təqdim etdikləri məqalələr I dərəcəli diploma layiq görülüb, özləri “Ən yaxşı gənc alim - 2025” medalı və diplomu ilə təltif ediliblər.
Əsgər Məmmədli – “A Perspective on Independent Azerbaijan in the Context of Heydar Aliyev’s Personality” / “Heydər Əliyev şəxsiyyəti kontekstində müstəqil Azərbaycana baxış” (elmi rəhbər: dos. Sənubər İsmayılova);
Arzu Tahirzadə - “Foreign Policy of the Azerbaijan Democratic Republic (A Historical-Analytical Perspective)” / “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (tarixi-analitik təhlil)” (elmi rəhbər: dos. Sevinc Ruintən).
Məqalələrin annotasiyası
Əsgər Məmmədli məqaləsində qeyd edir ki, Tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, xalqımız və dövlətçiliyimiz qarşısında möhtəşəm xidmətləri ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, Ümummilli Lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb.
Arzu Tahirzadə məqaləsində qeyd edir ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin tarix səhnəsinə çıxması ilə xalqımızın dövlətçilik məfkurəsi yenidən təzahür etmişdir. Cümhuriyyətin xarici siyasəti dövrün mürəkkəb beynəlxalq şəraitində formalaşaraq ölkənin müstəqilliyini qorumaq və beynəlxalq aləmdə tanıtmaq məqsədini daşıyırdı. Bu siyasətin həyata keçirilməsində bir çox görkəmli diplomat və siyasi xadimlər mühüm rol oynamışlar. Mövcud olan çətinliklərə baxmayaraq, onların gördüyü işlər müasir Azərbaycanın diplomatik ənənələrinin əsasını qoymuşdur. Onların diplomatik bacarıqları, uzaqgörən siyasəti günümüzdə də əhəmiyyətini itirməyib, Azərbaycanın müasir beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olması üçün dəyərli irs rolunu oynayır. Bu səbəbdən, Cümhuriyyət dövrünün diplomatik fəaliyyətinin öyrənilməsi və təbliği Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi dəyərləndirilməlidir.
Müsabiqəyə təqdim edilən məqalələrin impakt faktorlu “Elmdə Sonsuz İşıq” («Endless Light in Science») adlı beynəlxalq elmi jurnalında dərc edilməsi nəzərdə tutulur.