Tarix fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar keçirilib
04 iyun 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar keçirilmişdir.
Giriş sözü ilə çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov tədbir iştirakçılarına elmi seminarın mövzusunun aktuallığından danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulamışdır ki, artıq beynəxalq gündəliyə salınmış Qərbi Azərbaycan məsələsi prioritet məsələlərdən biridir və Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan: Yurd yerimizə sahib çıxaq” adlı birgə layihəsi mövcuddur. Layihə çərçivəsində Qərbi Azərbaycanın tarixinin aktual problemlərinə həsr olunan elmi seminarların, konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanda bizə məxsus olub kütləvi şəkildə dəyişdirilən bütün yer, hidronim, mahal, kənd, şəhər və digər toponimlərin, erməni vandalizminə məruz qalmış və dağıdılmış bütün dini, tarixi, milli abidələrin xəritələşdirilərək öz əvvəlki adı ilə respublika və dünya ictimaiyyətinə çatdırılması, təbliğ olunmasıdır.
Məruzəçi AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent, Dövlət Mükafatı laureatı Güntəkin Cəmil qızı Nəcəfli ilk olaraq Azərbaycan Respublikasının bugünkü siyasi sərhədlərindən kənarda qalan böyük etno-siyasi coğrafiyamız olan - Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli dəyərlərinin ermənilər tərəfindən saxtalaşdırılması və ən əsası mənimsənilməsinin danılmaz həqiqət olduğunu diqqətə çatdırmışdır.
O qeyd etmişdir ki, Qərbi Azərbaycandakı tarixi yaddaşımızın bərpası üçün ermənidilli mənbə və ədəbiyyatın tədqiqatlara cəlb edilməsi bu gün Vətən tarixşünaslığının çox zəruri bir məsələsidir. Çünki müasir Ermənistan Respublikası ərazisinin, Qərbi və Şərqi Zəngəzurun, Qarabağın dağlıq hissəsinin mənsubiyyəti məsələsinə qeyri-obyektiv yanaşma, bu torpaqlarının “əsrlər boyu ermənilərə məxsus olması”, “ermənilərin bu torpaqlarda çoxluq təşkil etməsi” kimi saxta iddialar əsrlərdir erməni tarixşünaslığının prioritet mövzusuna çevrilmişdir.
Məruzədə elmi dairələrdə erməni yalanlarının geniş və sistemli şəkildə yayılmasında XVIII əsrin əvvəllərindən başlayaraq erməni mxitarist ordeninin xüsusi “xidməti” olduğu, cəmiyyətin üzvlərinin “yenidən bərpa” adı ilə müxtəlif xalqların mifologiyasına əsaslanan qrabarca yazılmış “erməni əfsanələri”nin “tarixi mənbə” kimi təqdim edərək Venesiyada nəşr etməyə başladıqları və nəticədə “Hayların tarixi” adlanan kitabların bütün dünyaya dövlət, siyasi qurum anlamında “Ermənistan tarixi” kimi təqdim olunduğu qeyd edilmişdir.
Mövzuya uyğun hazırlanan təqdimatda saxtalaşdırılmış erməni mənbələrindən nümunələr, arxiv sənədləri və digər faktoloji materiallar nümayiş etdirilmişdir.
Seminarda Qərbi Azərbaycan tarixi ilə bağlı Dövlət başçısının göstərişi ilə hazırlanmış tədqiqatlar xüsusi olaraq nəzərə çatdırılmışdır.
Tədbirdə BDU Tarix fakültəsinin və AMEA Tarix və Etnologiya İnstitutunun alimləri, elmi işçilər, magistr və doktorantlar iştirak etmişdir.