“Ümummilli Lider Heydər Əliyev: Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu” mövzusunda Respublika elmi konfransı keçirilmişdir
7 may 2025-ci ildə Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev: Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransda Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan alimlər, professor-müəllim heyəti, elmi işçilər, həmçinin doktorant və dissertantlar, magistrantlar və tələbələr iştirak etmişlər.
Konfransın açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının himni dinlənilmiş, ardınca Ulu öndər Lider Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı. Daha sonra açılış nitqi üçün söz Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanova verildi. Konfrans iştirakçılarını və qonaqları salamladıqdan sonra, keçirilən konfransın əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışan M.Süleymanov bildirdi ki, Ulu Öndərin fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemdən keçmiş və bunların hər ikisindən o, bacarıqla istifadə edib Azərbaycanın tərəqqisini təmin etmişdir. Ulu öndərin müdrik, məntiqi düşüncəyə söykənən, qaynaqlanan siyasəti və tədbirləri sayəsində Azərbaycanda demokratik hüquqi və dünyəvi dövlət quruculuğuna başlamış və bu siyasət onun layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra çıxış edən Tarix fakültəsinin dekanı tarix elmləri doktoru, professor İbrahim Zeynalov konfrans iştirakçılarına cari ildə fakültədə keçirilmiş və keçirilməsi nəzərdə tutulan elmi tədbirlər, eləcə də müxtəlif elmi-tədqiqat institutları, ali təhsil müəsisələrindən konfransa daxil olan tezislər haqqında məlumat vermiş, bildirmişdir ki, 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə gələn Heydər Əliyev keçmiş İttifaqın iqtisadiyyatı üçün xammal mənbəyinə çevrilmiş respublikanın yeni inkişaf strategiyasını hazırlayıb qısa müddətdə həyata keçirdi. Bunun nəticəsində əvvəllər bütün əsas göstəricilər üzrə ölkə miqyasından geri qalan Azərbaycan tezliklə İttifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrildi. 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatında istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdır. Azərbaycanın iqtisadiyyatinda köklü struktur və keyfiyyət dəyişiklikləri baş vermişdir. Təhsil, elm və mədəniyyət sahələrində böyük uğurlar qazanılmışdır. Heydər Əliyevin siyasəti nəticəsində 14 il ərzində respublikada yaranmış güclü sosial, iqtisadi və intelektual potensial Azərbaycanın müstəqilliyi üçün mühüm zəmin yaratmışdır. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılmış bünövrə üzərində qurulub və bu gün də uğurla davam edir.
Daha sonra Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev bildirdi ki, məhz görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində müstəqilliyin ilk illərində Azərbaycan xaosdan, anarxiyadan, inkişafa, siyasi sabitliyə doğru addımlamağa başladı. Xüsusilə, “Əsrin müqaviləsi”nin imzalanması ilə siyasi sabitlik möhkəmləndi, iqtisadi yüksəliş sürətləndi. Dünyanın ən böyük şirkətləri ilə bağlanan müqavilələr əslində, həm ölkəmizin siyasi təhlükəsizliyinin təmin olunmasına, həm də iqtisadi tərəqqiyə nail olmağa yönəldilmişdi. Əgər “Əsrin müqaviləsi” layihəsi Azərbaycanı bütün dünyaya neft ölkəsi kimi tanıtmışdısa, 1999-cu ilin iyununda nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanın yaxın vaxtlarda dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik olan bir ölkəyə çevriləcəyini söyləmək imkanını yaratmış oldu. 2006-cı ilin dekabrında “Şahdəniz” yatağının şərq hissəsinin mənimsənilməsinə başlanıldı. Bu gün Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri neft-qaz layihələrinin gerçəkləşməsi iştirakçı, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına təminat verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, bu gün biz “Şahdəniz” yatağından qaz hasilatına nail ola bilməzdik. Zaman keçdikcə Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü təsdiqini tapdı.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov və Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev Ümummilli Lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə həyata keçirdiyi tədbirlər və onların tarixi əhəmiyyətindən, Azərbaycan milli dövlətçiliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və dinamik inkişafında, ölkənin daxili və xarici siyasət strategiyasının hazırlanması və həyata keçirilməsində, elm, təhsil, mədəniyyətin inkişafı perspektivlərinin müəyyən edilməsi və inkişafında misilsiz xidmətlərindən danışdılar.
Mayın 8-də konfrans öz işini 5 bölmə iclası ilə davam etdirəcək.
Müzakirələr aşağıdakı mövzular ətrafında aparılması nəzərdə tutulur:
- Heydər Əliyev və Azərbaycanda milli - hüquqi dövlət quruculuğu
- Heydər Əliyev irsində elm, təhsil və milli – mənəvi dəyərlər məsələsi
- Heydər Əliyev irsində sosial – iqtisadi inkişaf və mədəni quruculuq məsələləri
- Heydər Əliyev irsində xarici siyasət strategiyası
Tarix elminin aktual məsələləri (magistrant və doktorantların dissertasiya mövzuları üzrə)