"Türk xalqlarının dövlətçilik tarixi” mövzusunda elmi seminar keçirilmişdir
2025-ci il may ayının 23-də “Türk xalqları tarixi” kafedrasında kafedranın müdiri, t.e.d., professor Əsməd Muxtarovanın təqdimatında “Türk xalqlarının dövlətçilik tarixi” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı açıq elan edən t.e.d., professor İsmayıl Məmmədov seminar iştirakçılarını salamladıqdan sonra keçirilən seminarın mövzusunun təsadüfi seçilmədiyini qeyd etdi. Türk xalqlarının qədim dövlətçilik ənənələrinə malik olması, dünya tarixində türklərin yeri və rolu ilə bağlı qısa məlumat verdikdən sonra çıxış üçün sözü professor Əsməd Muxtarovaya verdi.
Ə.Muxtarova çıxışında qeyd etdi ki, hazırki mövzuda elmi seminarın keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bildiyimiz kimi, 2025-ci il Azərbaycan Prezidentinin sərəncamı ilə “Suverenlik və Konstitusiya” ili elan edilmişdir və bu il çərçivəsində ilk növbədə “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)” adlı dərs vəsaitini nəşr etdirməsi, daha sonra isə yenə bu mövzuda elmi seminar keçirməyə qərar verilməsi fikri də zərurətdən yaranmışdır. Türk dövlətlərinin hər birində XX əsrin sonlarından tədqiqi geniş vüsət almış türk xalqları tarixinin araşdırılmalı olan mühüm məsələlərindən birinin dövlətçilik tarixi məsələləri olduğu hər kəsə məlumdur. Sovet tarixşünaslığından miras qalmış Rusiya türklərinin tarixi dövlətçilik ənənələrinin olmaması kimi fikirlərin hələ də ara-sıra eşidilməkdə olması hazırki mövzunun tədqiqini zəruri edir. Ə.Muxtarova həmçinin nəşr etdirdiyi “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)” adlı dərs vəsaitinin Bakı Dövlət Universitetinin “Tarix” və “Tarix müəllimliyi” ixtisaslarında təhsil alan tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edərək bildirdi ki, hazırki dərs vəsaiti BDU-da tədris edilən “Türk xalqları tarixi” fənninin proqramı əsasında hazırlanıb. Tarix fakültəsində “Azərbaycan tarixi”, “Osmanlı tarixi”, “Türkiyə tarixi (Cümhuriyyət dövrü)” fənlərinin müstəqil fənn kimi tədris edilmələri səbəbindən hazırki dərslikdə Azərbaycan və Türkiyə türklərinin dövlətçilik tarixi məsələlərinə xüsusi olaraq toxunulmamışdır. Dərs vəsaitində türk xalqlarının qədim dövr və orta əsrlərdə Mərkəzi Asiyada və Cənub-Şərqi Avropada mövcud olmuş dövlətləri, dövlət qurumları ilə bağlı məsələlər zəngin mənbə və ədəbiyyatlar əsasında araşdırılmışdır. Bundan əlavə, Hindistan, Misir və Suriya ərazisində mövcud olmuş türk dövlətləri ilə bağlı məsələlərin yaxın zamanda hazırlanacaq digər bir dərs vəsaitində əhatə olunacağı qərara alınmışdır. Ümumilikdə, hazırki vəsaitin müəllif tərəfindən 2002-ci ildə nəşr edilmiş eyni adlı dərsliyin əlavə və düzəlişlər edilmiş təkrar nəşri olduğunu bildirmişdir.
Bundan sonra çıxış üçün sözün Tarix fakültəsinin “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının müdiri, nəşr edilmiş “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)” adlı dərs vəsaitinin elmi redaktoru akademik Yaqub Mahmudova veriləcəyini bildirən professor İsmayıl Məmmədov akademik Yaqub Mahmudovun Azərbaycan xalqının, o cümlədən Türk tarixinin araşdırılması, dünya miqyasında tanıdılması və təbliği sahəsində çox böyük işlər gördüyünü qeyd edərək, bu fəaliyyətini yaşadığımız hər gün davam etdirdiyini vurğuladı. Belə ki, bir neçə gündür kütləvi informasiya vasitələrində Çaldıran döyüşü ilə bağlı yer alan xəbərlər və onun ətrafında baş verən hadisələrə cavab olaraq “Çaldıran tarixin ibrət dərsidir!”, “... Gəlin, Avrasiyanın hər bir guşəsində, var olduğumuz hər yerdə ümumi dəyərlərimiz ətrafında sıx-sıx birləşək, ümumi dəyərlərimizi bölüşdürməyək!” deyərək Türkiyə tarixçilərinə çağırış etdiyini diqqətə çatdırdı.
Akademik Yaqub Mahmudov çıxışında Türk xalqlarının dövlətçilik tarixi ilə bağlı elmi seminarın keçirilməsini, həmçinin bu mövzuda dərs vəsaitinin hazırlanaraq nəşr edilməsini təqdirəlayiq hesab etdiyini bildirdi. Sovet dövründə, həmçinin bunun davamı olaraq günümüzdə belə müəyyən tədqiqatçılar tərəfindən türk tarixinin təhrif edildiyi, müxtəlif provakasiyaların yaşandığı bir şəraitdə professor Ə.Muxtarovanın araşdırmalarında skif, sak, massaget və digər tayfalarla bağlı məsələlərdə qəti mövqeyini ortaya qoya bilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Özünün Koreyadan Yunanıstana qədər geniş ərazilərdə elmi səfərlərdə olması, bu ərazilərdə Türk tarixi və mədəni abidələri ilə şəxsən tanışlığı və gördüyü işlərdən bəhs edən Akademik, gələcəkdə gənc tarixçilərin də cəlb edilməsi ilə, hazırki mövzunun daha geniş coğrafiya çərçivəsində araşdırılmalı olduğu zərurətini diqqətə çatdırdı.
Daha sonra tədbirdə iştirak edən Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, t.ü.f.d., dosent Kəmalə Nəcəfova; “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, t.e.d., professor İradə Hüseynova; “Slavyan ölkələri tarixi” kafedrasının müdiri t.ü.f.d., dosent Abutalıb Cəlilov və t.ü.f.d., dosent Sevda Hüseynova; “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasının dosenti, t.ü.f.d. Məmmədağa Baxışov; “Türk xalqları tarixi” kafedrasının dosenti, t.ü.f.d. Sevinc Ruintən çıxış edərək elmi seminarın mövzusu və nəşr edilən dərs vəsaiti ilə bağlı fikirlərini bölüşdülər.
Sonda t.e.d., professor Əsməd Muxtarova seminar iştirakçılarına iştiraklarına və dəyərli fikirlərinə görə təşəkkür etdi. Dərs vəsaitinin növbəti nəşrlərində seminarda irəli sürülən təklifləri nəzərə alacağını bildirdi.