“Türk dünyası daxili inteqrasiya prosesləri və Özbəkistan” mövzusunda ustad dərsi keçirilib.
25 oktyabr 2024-cü il tarixdə Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintənin “Türk dünyası daxili inteqrasiya prosesləri və Özbəkistan” mövzusunda ustad dərsi keçirilib.
Tədbirdə Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsməd Muxtarova, kafedranın professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayev, Slavyan ölkələri tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Abutalıb Cəlilov, Tarix fakültəsinin dekan müavini tarix üzrə fəlsəfə doktoru Aytən Abbasova-Quliyeva, həmçinin fakültənin “Tarix” və “Regionşünaslıq (Amerika üzrə)” ixtisası tələbələri iştirak ediblər.
Məruzəçi mövzuya “Türk dünyası daxili inteqrasiya prosesləri nə zaman başlanıb? Özbəkistanın bu proseslərdə iştirakına təsir edən amillər hansılardır? Günümüzdə Türk dünyası daxili inteqrasiya proseslərində mövcud vəziyyət və Özbəkistanın bu proseslərdə iştirakı necədir?” sualları ətrafında aydınlıq gətirməyə cəhd göstərib. Qeyd edib ki, Türk dünyası daxili inteqrasiya prosesləri XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində daha 5 müstəqil türk dövlətinin beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilməsi ilə demək olar ki, eyni zamanda başlanmışdır. Proseslərin başlandığı 1992-ci ildən günümüzədək bu prosesləri tənzimləmək və əlaqələndirmək məqsədilə Türkiyə Cümhuriyyəti Baş Bakanlığı nəzdində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk dövlətləri arasında ilk əməkdaşlıq təşkilatı olan Beynəlxalq Türk Mədəniyyət təşkilatı (TÜRKSOY), həmçinin Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfi (TÜDEV), Türk Dövlətləri Parlament Assambleyası, Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Vəqfi və s. təşkilat və qurumlar yaradılıb; Türk dövlət başçılarının zirvə toplantıları keçirilib. Günümüzdə türk dövlətləri arasında əməkdaşlıq məsələlərini həyata keçirən və tənzimləyən əsas təşkilat Türk Dövlətləri Təşkilatıdır. Daha sonra Təşkilata üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçi olmaq istəyini bildirən dövlətlər; həmçinin keçirilən zirvə toplantılarında dövlətlərin iştirak səviyyəsi haqqında; Təşkilatın məqsəd və vəzifələri, əsas orqanları və onların öhdəsinə düşən vəzifələr haqqında məlumatlar diqqətə çatdırılıb; Türk dünyası daxili inteqrasiya proseslərində təşkilatlanma mərhələləri haqqında məlumat verilib. Məruzəçi Türk Dövlətləri Təşkilatının yaradılmasında, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsində, ümumiyyətlə Türk dünyası daxili inteqrasiya proseslərində Türk dövlət başçılarının zirvə toplantıları çərçivəsində keçirilimış 2009-cu il tarixli Naxçıvan Zirvəsinin xüsusi yeri olduğunu qeyd edib.
Mərkəzi Asiyanın türk dövlətlərindən olan Özbəkistanın bu proseslərdə iştirakından bəhs edən məruzəçi, qeyd edib ki, onun bu proseslərdə iştirakını birmənalı dəyərlənmək düzgün olmaya bilər. Ümumilikdə, 2000-ci ildən başlayaraq Özbəkistan prezidentinin Dövlət başçılarının Zirvə toplantılarında iştirak etməməsi, Türk Dövlətləri Təşkilatına yalnız 2019-cu ildə tam hüquqlu üzv olması, TÜRKSOY tərəfindən 2012-ci ildən keçirilməsinə başlanmış “Türk dünyası paytaxtı” layihəsində 2020-ci ilə qədər Özbəkistan şəhərlərinin yer almaması və s. faktlar Özbəkistanın Türk dünyası daxili inteqrasiya proseslərindən bir müddət kənarda qaldığını deməyə əsas verir. Bu məsələnin səbəblərinə aydınlıq gətirməyə çalışan məruzəçi qeyd edib ki, ümumilikdə Özbəkistanın Türk dünyası daxili inteqrasiya proseslərində iştirakının həm də Özbəkistanın türk dövlətləri ilə, xüsusən də Türkiyə ilə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti ilə bağlı olduğunu söyləmək mümkündür. Türk Dövlətləri Təşkilatına üzv olduqdan sonrakı dönəmdə isə Özbəkistan Türk dünyası daxili inteqrasiya proseslərində fəallığı ilə seçilir. Prezident Şavkat Mirziyoyev 12 noyabr 2022 – 3 noyabr 2023-cü illərdə Türk Dövlətləri Təşkilatının Dönəm Başkanı vəzifəsini yerinə yetirmiş, 2024-cü ildə Özbəkistanın təşəbbüsü və ev sahibliyi ilə bir çox tədbirlər həyata keçirilmiş, bir qisminin də həyata keçirilməsi planlaşdırılmışdır. Məruzəçi çıxışında bu məsələlərə ətraflı aydınlıq gətirdi. Məruzədə həmçinin son illərdə Özbəkistan - Azərbaycan münasibətləri; ümumilikdə Ermənistanın Azərbaycana təcavüzü məsələsində Özbəkistanın mövqeyi; Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa-quruculuq işləri çərçivəsində Özbəkistan hökumətinin Füzulidə inşa etdirdiyi Mirzə Uluqbəy adına tam orta məktəb haqqında və s. məsələlərə də toxunuldu.
Daha sonra Ustad dərsdə iştirak edən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, professor Əsməd Muxtarova, professor İsmayıl Məmmədov, t.ü.f.d. Aytən Abbasova-Quliyeva çıxış edərək dərslə bağlı öz təəssüratlarını bölüşdülər. AMEA-nın müxbir üzvü Yaqub Mahmudov 105 illik yubileyini qeyd etdiyimiz Tarix fakültəsində Türk xalqları tarixi kafedrasının əsas kafedralardan biri olduğunu bildirdi, kafedra müdiri professor Əsməd Muxtarovaya kafedranın gələcək fəaliyyətində uğurlar arzuladı.