Tarix fakültəsində “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “XIII-XV əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
21 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakultəsində 2026-cı ildə Azərbaycanda “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “XIII-XV əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı açıq elan edən Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev elmi seminarın çox aktual məsələyə həsr olunmasından danışaraq orta əsrlərdə də şəhərsalma və memarlığa böyük əhəmiyyət verildiyini bildirdi və elmi seminara başlamaq üçün sözü məruzəçiyə verdi.
Məruzəçi Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Ülviyyə İbrahimova seminar mövzusunu əsas üç istiqamətdə izah etdi: 1) Şəhərsalma prosesinin orta əsrlərdə xüsusi planlama ilə həyata keçirilməsi, landşaftın və iqlimin nəzərə alınması; 2) XIII-XV əsrlərdə mövcud şəhərlərin və tikililərin xüsusiyyətləri; ənənələr, oxşar və fərqli cəhətlət; 3) XV əsrdə şəhər həyatının sosial-siyasi inkişafda oynadığı tarixi rol. Məruzəçi qeyd etdi ki, XI-XII əsrlərdə Böyük İpək yolu üzərində yerləşmiş Azərbaycan şəhərlərindən yalnız ticarət mərkəzi kimi deyil, sənətkarlıq mərkəzi kimi də tanınan Ərdəbil, Marağa, Təbriz, Sərab, Beyləqan, Bəcrəvan, Gəncə, Şamaxı, Bakı, Dərbənd kimi şəhərlər moğol yürüşlərinə qədər malik olduqları şan-şöhrəti itirsələr də XIII əsrin sonlarından başlayaraq XV əsrədək yenidən əvvəlki düzənlərini bərpa edə bildilər. Şəhərlərin arxitektur quruluşlarının ənənəvi olaraq Şirvan-Abşeron, Təbriz-Naxçıvan və Aran memarlıq üslubunun qorunub saxlanılmasından da bəhs edildi. Quruluşuna görə qala-şəhər olaraq seçilən şəhərlərin müdafiə tikililəri ilə yanaşı şəhərdə sosial-iqtisadi proseslərin təkamülü prosesinə də böyük önəm verildiyi qeyd edildi. Şəhərlərin qala içərisində Narınqala, şəhristan və rabadlara bölünməsi haqqda məlumatlarla yanaşı o da qeyd edildi ki, o zamanlar urbanizasiya məsələləri böyük əhəmiyyət kəsb etdiyindən şəhərlər salınarkən artıq bu məsələyə diqqət yetirilir, öncədən qala içərisində ehtiyat torpaqlar nəzərdə tutulurdu. Qala şəhərlərdən fərqli olaraq açıq düzəngahlarda yerləşən şəhərlərin daha çox əhali tərəfindən məskunlaşma imkanlarının olmasına baxmayaraq qala şəhərlərin daha sıx məskunlaşma səbəblərindən bəhs edildi. Eyni zamanda, o da qeyd edildi ki, qala şəhərlərin salınması radikal istiqamətdə həyata keçirilirdi, odur ki, qalaların bir neçə qapısı olur və şəhəriçi magistrallar məhz həmin qapılara aparırdı. Açıq şəhərlərin artması XIII-XV əsrlərdə dini-fəlsəfi cərəyan prosesinin inkişafı ilə əlaqədar idi. Belə ki, təsəvvüf alimlərinin ətrafına toplaşan müridlər çoxaldıqca bu məskənlər də böyüyərək şəhərə çevrilirdilər. Tədricən şəhərin iqtisadi həyatında önəmli rol oynayan sənətkar və tacirlər bu dini-fəlsəfi cərəyanların ictimai təsiri altına düşür və belə şəhərlər dini mərkəzlərə çevrilirdilər. Təbii ki, şəhərsalma prosesində hökmdarların da quruculuq işləri xüsusi yer tuturdu, hökmdarlarla yanaşı ali təbəqənin digər nümayəndələri də özlərinə xas olan dükan, bazar, hamam və bu kimi iaşə obyektləri tikdirirdilər ki, bunlar da şəhərin iqtisadi həyatına böyük təsir göstərirdi. Bu məlumatlarla yanaşı məruzəçi Ülviyyə İbrahimova şəhərlərdə tikilmiş memarlıq abidələrindən, o cümlədən məscid və mədrəsə komplekslərindən, bu abidələri tikən memar, bənna və ustalardan, abidələrin xüsusiyyətlərindən də bəhs etdi.
Tarix fakültəsinin professor-müəllim heyətinin, doktorant və magistrantlarının iştirakı ilə iki saata yaxın davam edən elmi seminar maraqla qarşılandı və elmi diskussiyaya səbəb oldu. Müzakirələrdə kafedra əməkdaşları aktiv iştirak etdilər.