Tarix fakültəsində Respublika elmi konfransı keçirilib
2002-ci ilin 10-11 may tarixlərində Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Dahi şəxsiyyət və müdrik lider” Respublika Elmi Konfransı keçirildi.
Respublika Elmi Konfransı 10 may tarixində Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarətdən sonra Böyük akt zalında plenar iclasla başlandı. İclası giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ümumilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu kimi Azərbaycanın dövlətçilik tarixində xidmətlərini qeyd etdi. Plenar iclasda Azərbaycan Respublikası Milli Məclisinin Komitə sədri, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin Genetika kafedrasının müdiri Kamilə Əliyeva çıxış edərək, Ümummilli liderin həyat və fəaliyyətinin əsas məqamlarına diqqət yetirdilər. Məruzəçilərdən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Bakı Dövlət Universiteti, Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərini ətraflı şəkildə elmi dəlillərlə iştirakçıların diqqətinə çatdırdılar. Plenar iclas ədəbi-bədii hissə ilə tamamlandı.
11 may tarixində Tarix fakültəsində konfransın 4 bölmə iclası keçirildi. Saat 11.00 və 14.00-da keçirilən iclaslarda Tarix fakültəsinin professor, müəllim heyəti ilə yanaşı doktorant, magistrant və tələbələr tərəfindən maraqlı məruzələr edildi. Saat 11.00-da professor Əsməd Muxtarovanın, professor İradə Hüseynovanın sədrliyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycanın dövlətçilik tarixi” və “Tarix elminin aktual problemləri” adlı iki bölmə iclasında 21 məruzə dinlənildi, Onlardan professor Qabil Əliyevin “Heydər Əliyev strategiyasının Qarabağın azad edilməsində rolu”, dosent Kəmalə Nəcəfovanın "Heydər Əliyev və Azərbaycanda elm, təhsilin inkişafına dövlət qayğısı”, dosent Abutalıb Cəlilovun "Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva dövrü (1982-1987)”, dosent Səbinə Qaraşovanın “Heydər Əliyevin diplomatik irsi “mövzusunda məruzələri geniş marağa səbəb oldu. Saat 14.00-da dosent Azad Rzayev və dosent Kəmalə Nəcəfovanın sədrliyi ilə keçirilən “44 günlük Vətən müharibəsi və onun Azərbaycan tarixində yeri və rolu” və “Heydər Əliyev gənclərin gözü ilə” adlı digər iki bölmə iclaslarında ümumlikdə 21 məruzə dinlənildi. Onlardan dosent Kəmalə Nəcəfovanın “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı”, dosent Məharət Osmanovun “II Qarabağ müharibəsi dövründə Avropa dövlətlərinin mövqeyi”, dosent Sevda İsmayilovanın “Mirzə Fətəli Axundov və Seyid Əzim Şirvaninin bədii yaradicılığında “erməni məsələsi”nin əksi”, doktorant Günel Nuruşovanın "Azərbaycanlıların adət hüququnda Vətən təəssübkeşliyi və qələbələr”, Suqra Orucovanın “Vətən müharibəsində qazanılan qələbə: tarixi əhəmiyyəti və nəticələri”, magistrant Sarışan Adışovanın “Dahi lider gənclərin gözü ilə: Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”, dosent Nəsrin Abdullayevanın “İşğaldan azad edilmiş ərazilərin tarixi-mədəni irsinin bərpası”, Aydan Əlizadənin “Azərbaycanın dövlət himni və tarixi qələbələrimiz: ənənənələr” adlı məruzələri ətraflında müzakirələr aparıldı.
Saat 16.00-da konfransın yekun iclası keçirildi. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Dahi şəxsiyyət və müdrik lider” Respublika Elmi Konfransına ümumilikdə 100-dən artıq tezis daxil olmuş, konfransın proqram komitəsi tərəfindən tezis dəyərləndirilmiş və onlardan 45-i çapa məsləhət görülmüşdür. Konfransda Bakı Dövlət Universitetinin Tarix fakültəsi ilə yanaşı, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin, Qərbi Kaspi Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Universitetinin professor-müəllim heyətinin nümayənədləri iştirak etmişlər.
İki gün ərzində 1 plenar, 4 bölmə iclasları ilə keçirilən respublika elmi konfransı maraqlı müzakirələrlə yadda qaldı.