Tarix fakültəsində növbəti onlayn elmi seminar keçirilib.
4 noyabr 2021-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində onlayn elmi seminar keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova keçirilən bu tip onlayn elmi tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, tanınmış alimlərin son elmi tədqiqatları haqqında məlumatları və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.
Kafedra müdiri Mehman Abdullyev Orta əsrlər Azərbaycan tarixinin farsdilli mənbələrinin tədqiqi, Səfəvilər imperiyası mövzuları üzrə tanınmış mütəxəssis olan Zabil müəlim və onun son tədqiqatları haqqında ətraflı məlumat verdi.
Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Zabil Bayramov “Gərdizinin “Zeyn ül-Əxbar” əsəri və əsərdə türk tayfaları haqqında məlumatlar" mövzusunda məruzə ilə çıxış etdi.
Zabil Bayramov məruzəsində bildirdi ki, Əbu Səid ibni-Əbd-əl-Həy-ibni-əl-Zəhhaq ibni-Mahmud Gərdizi tərəfindən yazılmış “Zeyn ül-Əxbar” adlı əsərdə əfsanəvi İran hökmdarları Kştadilər və Kəranilərdən 1042-ci ilə qədər Orta, Yaxın Şərq və Mərkəzi Asiya xalqlarının tarixi üçün çox qiymətli bir mənbədir. Mənbədə Qəznəvilər dövləti, o cümlədən türk tayfaları, onların yerləşdiyi coğrafi məkan və mənşəyi haqqında olduqca qiymətli material və faktlar vardır. Əsər Avropada V.Minorski və digər müəlliflər tərəfindən araşdırılmış, rus dilinə və bəzi Avropa dillərinə tərcümə edilmişdir. Əsər həmçinin İranda Əbdü əl Həy tərəfindən tərcümə edilmişdir.
Ancaq Azərbaycan tarixində bu dəyərli mənbə günümüzə qədər elmi dövriyyəyə gətirilməmişdir. Əsərdəki səlcuqlarla bağlı faktlar Azərbaycan tarixinin Səlcuqlu dövrünün öyrənilməsi və araşdırılması baxımından olduqca vacibdir.
“Microsoft Teams” platforması üzərindən iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.