Tarix fakültəsində növbəti master dərs keçirilib
29 aprel 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində fakültə dekanlığının təşkilatçılığı ilə “Müasir arxeologiya elminin yeni çağırışları (arxeometrik tədqiqatlar)” adlı master dərs keçirilmişdir.
Master dərs iştirakçılarını salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova karantin döründə keçirilən bu tip onlayn tədbirlərin və master dərslərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, tələbələrin, magistrantların və doktorantların elmi fəaliyyətini stimullaşdırmaqdan ibarət olduğunu bildirdi.
Master dərsdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d. Fərhad Quliyev “Müasir arxeologiya elminin yeni çağırışları (arxeometrik tədqiqatlar)” mövzusunda məruzə ilə çıxış etmişdir. Fərhad Quliyev öz məruzəsində bildirdi ki, Arxeologiya sahəsində araşdırmalar aşkar olunmuş arxeoloji abidələr və maddi-mədəniyyət nümunələri əsasında aparılır. Bu baxımdan arxeoloji komplekslərin təyinatına uyğun (qədim yaşayış yerləri, antik və orta əsr şəhər yerləri, qəbir abidələri və s.) tədqiqatçılar tərəfindən düzgün qazıntı üsullarının seçilməsi, qazılmış abidədən aşkar olunmuş materialların dəqiq fiksasiyası və onların müqayisəli təhlili arxeologiya elm sahəsinin əsas metodoloji bazasını təşkil edir. Çöl-tədqiqatları zamanı əsaslı öyrənilmiş arxeoloji abidələrin (qədim yaşayış yerləri, müxtəlif dövrə aid nekropollar, şəhər yerləri) dəqiq elmi mahiyyətinin hərtərəfli öyrənilməsi məqsədilə, qazıntılar zamanı aşkar olunmuş və məxsusi özəllikləri ilə seçilən maddi-mədəniyyət nümunələrinin növünə görə hər birinin təyinatına uyğun (keramika məmulatı, daş alətlər, memarlıq və inşaat texnikası, paleobotanik və paleozooloji materiallar, paleoantropoloji qalıqlar və s.) kompleks təhlili, müxtəlif elmlərin kəsişməsində aparılan arxeoloji tədqiqatlar, yəni arxeometrik araşdırmalar sırasına aid olaraq müasir arxeologiya elminin yeni çağırışlarına cavab verir. Bunun nəticəsində mütəmadi arxeoloji tədqiqatlar əsasında toplanmış materialların dəqiq təhlili mümkün olur. Ortaya çıxan ümumi arxeoloji nəzəri problemlərin fonunda yeni nəzəri konsepsiyalar meydana gəlir. Aktual olan mövzular müəyyən edilir və ümumi tarixi proseslərin bərpasına və konseptual məsələlərin arxeologiya elmində ön planda olmasını təmin edir. Qazıntılar arxeoloji abidələrin çöl tədqiqatlarını əsas və ən mühüm formasıdır. Qazıntıların məqsədi abidələrin hərtərəfli tədqiqi, dəqiq qeydiyyatı və elmi dəyərləndirilməsindən ibarətdir. Qazıntılar abidələrin topoqrafiyasının və stratiqrafiyasının, mədəni təbəqəsinin, tikililərinin, maddi mədəniyyət nümunələrinin və s. tam səciyyəsini müəyyən edilməsini nəzərdə tutur. Məruzəçi tutarlı faktlarla, zəngin arxeoloji tədqiqat materialları əsasında bildirdi ki,stasionar qazıntı işlərindən əvvəl abidənin özünün və onun yerləşdiyi ərazinin topoqrafik planından, hərtərəfli foto materiallarından və s. ibarət məlumatlar bazası mövcud olmalıdır.
Master dərsin sonunda fakültə rəhbərliyi və Arxeologiya və etnoqrafiya kafedrasının əməkdaşları məruzəçiyə maraqlı təqdimatına görə öz təşəkkürlərini bildirdilər. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş master dərs maraqlı müzakirələlə yadda qaldı.