Tarix fakültəsində elmi seminar keçirilib
6 iyun 2022-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Slavyan ölkələri tarixi kafedrasının “Qədim Rusun tarixində qıpçaq izləri: həqiqətlər və miflər” mövzusunda adlı elmi seminarı keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova elmi seminarın mövzusunun aktuallığı və Slavyan ölkələri tarixinin, eləcə də Ümumtürk tarixinin tədrisində yeri haqqında qısa məlumat verdi və keçirilən bu tip elmi tədbirlərin əsas məqsədinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, Taix fakültəsinin təcrübəli müəllimlərinin son elmi tədqiqatları haqqında məlumatlandırmaq və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.
Elmi seminarda Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının dosenti Sevda Hüseynova “Qədim Rusun tarixində qıpçaq izləri: həqiqətlər və miflər” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi bildirdi ki, Türk qıpçaq tayfalarının Qədim Rusun tarixi taleyində və soykökündə formalaşmasındakı rolu və əhəmiyyəti məsələsi bu gündə tədqiqat mövzusudur və aktual problem olaraq qalmaqda davam edir.
XI-XIII əsrlərdə türk tayfalarının Şərqi Avropa çöllərində (Böyük Çöl) hökmranlığının son mərhələsində bu çöllərin sahibi olan qıpçaqlar XI əsrin ortalarına yaxın güclü bir hərbi-siyasi qüvvəyə çevrilərək, bu coğrafiyada yeni bir etnik birlik formalaşmasında həlledici rol oynadılar. Beləliklə, Qədim Rusun cənubunda güclü bir türk tayfa ittifaqı yaranmış oldu.
Bundan sonra bütöv XI-XIII əsrlər arası dövrdə daim rus-qıpcaq münasibətləri mövcud olmuş və öz mürəkkəb xarakteri ilə fərqlənmişdir. Ümumi götürdükdə isə bu dövrdə siyasi yaxınlaşma tendensiyası rus-qıpçaq münasibətlərinin əsas xəttini təşkil edir. Qıpcaq türklərinin Qədim Rus tarixində oynadığı rolun əhəmiyyətini müəyyənləşdirmək üçün qıpçaq tamqası ilə Kiyev knyazlığının tamqasının (XI əsr) tutuşdurulması kifayət edir. Məlum olmuşdur ki, Kiyev knyazı Vladimirin(988-1015) tamqası türk qıpçaq tamqasının eynidir. Bu nəticə qədim rusların-bu şərq slavyanlarının hələ X-XI əsrlərədək Böyük Çölün, onun bu dövrdə sahibi olan türklərin, o cümlədən qıpçaqların kölgəsində olduğunu sübut edir. Türk qıpçaqlar Kiyev dövlətinin daxili həyatında da çox güclü bir faktora çevrilərək, taleyüklü məsələlərin həllində, hətta Kiyev taxt-tacı uğrunda mübarizədə də yaxından iştirak etmişlər. Bununla da onlar Şərqi Avropa xalqlarının etnogenezinə mühüm təsir göstərərək, bəşər tarixində heç də çinlilər və misirlilər, avropalılar və farslardan az rol oynamamışlar.
50 nəfərdən çox iştirakçı ilə iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.