Tarix fakultəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin – 103 yaşlı qürur tariximiz” adlı elmi tədbir keçirilmişdir.
21 May 2021-ci ildə Tarix fakultəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin – 103 yaşlı qürur tariximiz” adlı elmi tədbir keçirilmişdir. Tədbirdə Tarix fakultəsinin Elmi İşlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz, “Çapar" tarix dərgisinin baş redaktoru, İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd, tarix üzrə fəlsəfə doktoru Təhminə Aslanova və TEC üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü açan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli dövlətçilik tarixində mühüm yerindən danışdı. Təhminə Aslanova diqqəti 23 aylıq tarixin qısa olmasına baxmayaraq, tariximizdə olan roluna çəkdi.
Sonra əsas məruzəçilərdən olan Boran Əziz “Azərbaycan Xalq Cümhuriyyətinin formalaşması dövründə Azərbaycan adının beynəlxalq arenada dövlət adı olaraq tanınmasında Cümhuriyyət qurucularının rolu" mövzusunda çıxış etdi. O, tarixdə ilk dəfə Azərbaycan adlı paytaxtı Bakı şəhəri olan ilk milli dövlətin Azərbaycan Xalq Cümhuriyyəti olduğunu, cümhuriyyət qurucuları tərəfindən Çar Rusiyası xarabalıqları üzərində bir dövlət qurulduğunu qeyd etdi, Baş nazir Nəsib bəy Yusifbəylinin atasına məktubu və cavabını xatırlatdı. Məruzəçi “Azərbaycan" adının bir çox qərb və qonşu dövlət tərəfindən təzyiqi ilə qarşılandığı bir sıra nüanslardan da danışdı.
Daha sonra digər məruzəçi Dilqəm Əhməd özünün “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü" adlı məruzəsi dinlənildi. O, öz məruzəsində Azərbaycan və Türkiyə ordusunun birləşməsi nəticəsində yaranan Əlahiddə Azərbaycan Korpusu adlı ordumuzdan, bayrağımızdan, türk dilimizin rəsmi dil elan edilməsindən, erməni cinayətlərinə qarşı cinayət işlərinin qaldırılmasında mühüm əhəmiyyət kəsb edən Fövqəladə Tədqiqat Komissiyasından danışdı. Həmçinin, Azərbaycan vətəndaşlığı və hərbi xidmətlə bağlı məsələlərə də toxundu. Dilqəm Əhməd bir sıra zabitlərin, xüsusilə də Hüsaməddin Tuqacın xatirələrdən ibarət yazılmış kitabından, yazılarından sitatlar gətirdi.
Dosent Kəmalə Nəcəfova bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milli demokratik ziyalıların çar Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı XIX əsrin son rübündən ana dilli mərbuat və məktəb uğrunda başlayan və milli dövlətin qurulması ilə qələbə çalan milli - azadlıq mübarizəsinin nəticəsində yarandığını qeyd etdi. Tələbələr məruzələri böyük həvəslə dinlədilər. Microsoft Teams proqramı üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələrlə yadda qaldı.