Son on ildə Azərbaycanda dövlət təsisatının gücləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib
Son on ildə Azərbaycanda müxtəlif sahələrin inkişafı ilə yanaşı dövlət aparatının təkmilləşdirilməsi və islahatların həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Bu fəaliyyət istər daxili, istərsə də xarici siyasətdə özünün effektivliyini ortaya qoyur. Prezident İlham Əliyev xarici siyasətdə milli maraqlarımızı hər zaman qoruyur, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla davam və inkişaf etdirilir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev söyləyib. O bildirib ki, son on ildə həyata keçirilən daxili və xarici siyasətin məqsədi Azərbaycanı dünyada gedən hadisələrə təsir edəcək aparıcı dövlətlərdən birinə çevirmək olub. Bu sahədə Prezident İlham Əliyev möhtəşəm fəaliyyət, müdrik siyasət və diplomatiya ortaya qoyur. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən güclü, ən qüdrətli və ən nüfuzlu dövlətlərindəndir.
Bu illər ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) yüksəlib. Mərkəzi Bankın və Dövlət Neft Fondunun valyuta ehtiyatları kifayət qədər artıb. Bu inkişaf əhalinin rifahının daha da yüksəlməsində özünü göstərib. Yoxsulluq səviyyəsi aşağı düşüb və əhalinin gəlirləri sabitləşib. Azərbaycan regionda investisiya fəaliyyətini gücləndirib. Türkiyədə də ciddi investisiya fəaliyyəti həyata keçirildi. Bunlardan biri kimi “Star” neft emalı zavodunun layihələrinin başa çatmasını qeyd edə bilərik.
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının gücləndirilməsinə və sosial strukturların transformasiya olunmasına dair yeni strateji inkişaf planını həyata keçirib. Turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrin inkişafını nəzərdə tutan məqsədlərə nail olmaq üçün Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edildi. Bu konsepsiya iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin ümumi daxili məhsulunda (ÜDM) qeyri-neft sektorunun payının artırılmasına əhəmiyyətli dərəcədə əsas oldu.
2014-cü ilin ikinci yarısından etibarən dünya bazarında neft qiymətlərinin üç dəfə azalması, tərəfdaş ölkələrdə tənəzzüllər və devalvasiya Azərbaycan iqtisadiyyatını xarici şoklara uyğunlaşdırmağı zəruri etdi. Dünya iqtisadiyyatında yaşanan qarışıqlıq fonunda ölkəmizdə iqtisadiyyatın göstəricilərinin yaxşılaşdırılmasında mühüm rol oynayan dərin struktur islahatlarına xüsusi diqqət yetirildi. Azərbaycanda iqtisadi islahatların növbəti mərhələsi 2016-cı ildə başlayıb və bu günə qədər davam edir. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı görüləcək işləri, hədəfləri müəyyənləşdirdi. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə struktur islahatlarının davam etdirilməsinə və daha səmərəli idarəetmə sisteminə keçilməsinə xüsusi diqqət yetirilib. Qeyd etməliyik ki, aparılan islahatlar Bakının beynəlxalq platformalarda mövqeyinə müsbət təsir göstərdi. Azərbaycan dünyanın ən islahatçı dövlətlərinin ilk onluğuna daxil oldu. “Doing Business 2019” hesabatında ən çox islahat aparan dövlət seçildi. Həmin hesabatda ölkənin mövqeyi 2017-ci illə müqayisədə 32 pillə artıb və Azərbaycan 190 ölkə arasında 25-ci yerdədir. Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “Qlobal Rəqabətlilik İndeksi 2019”a görə, Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yerdədir. Hesabatın son nəşrində Azərbaycan səkkiz göstərici ilə digər iştirakçıları qabaqlayaraq 12 göstəricidən MDB ölkələri arasında lider mövqe tutdu.
Vurğulanıb ki, ölkənin beynəlxalq mövqeyinin yaxşılaşdırılması dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsində mühüm rol oynayır. Ümumiyyətlə, həyata keçirilən islahatlar sosial-iqtisadi infrastrukturun tam modernləşdirilməsinə və iş mühitinin yaxşılaşdırılmasına şərait yaradır. Ölkəyə iqtisadiyyata daha çox investisiya cəlb etməyə, yeni iş yerləri açmağa, peşəkarlığı və əmək məhsuldarlığını artırmağa və iqtisadiyyatın strukturunu yaxşılaşdırmağa imkan verir.
“Ölkəmizdə aparılan islahatlar sırasında korrupsiyaya qarşı mübarizə üçün son illər görülən tədbirlər alqışlanmalıdır. 2019-cu ilin əvvəlindən etibarən müxtəlif dövlət strukturlarının ləğvi və ya birləşməsi prosesinin başlanması, yeni təyinatlar, bəzi sahələrdə islahatların dərinləşdirilməsi ilə bağlı müvafiq fərman və sərəncamlar, dövlət proqramlarının qəbul edilməsi yeni xəttin ifadə formalarından idi. Sosial, habelə siyasi problemlərin həlli və bu prosesin davam etdirilməsi cəmiyyətdə struktur islahatlarına müsbət münasibəti formalaşdırdı. Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin inkişafı Azərbaycanı daha böyük uğurlara aparır. Xalq olaraq bizim də üzərimizə ciddi məsuliyyət düşür. Biz bu islahatların reallaşdırılmasında üzərimizə düşən vətəndaş məsuliyyətini dərk etməliyik.
Pandemiya şəraitində də ölkəmizdə bütün sahələrdə islahatlar davam etdirilir. Azərbaycan Prezidentinin koronavirus təhlükəsinin ilk günlərindən həmrəylik çağırışlarını dəstəkləməsi və Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə mübarizədə maliyyə yardımı göstərməsi ölkəmizin nüfuzunu daha da artırdı. COVID-19-la effektli mübarizə üçün Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər və bunun sayəsində müsbət nəticələrin əldə olunması ölkəmizin dünyada imicinin daha da artmasında mühüm rol oynadı. Hazırda bir çox ölkələr pandemiya ilə mübarizədə Azərbaycandan nümunə götürürlər. Azərbaycan beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə əhəmiyyətli töhfə verir.
Dövlət başçısının uğurlu daxili və xarici siyasəti, həyata keçirilən iqtisadi, siyasi və struktur islahatları ölkəmizin işğal edilmiş ərazilərinin azad edilməsinə gedən yol oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi, İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandıq. Qarabağ müharibəsi yalnız cəbhə xətti ilə məhdudlaşmadı. Bu müharibə bir daha dünya azərbaycanlılarının birliyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanın haqlı işini dəstəkləyən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkli kampaniyalara qarşı mübarizədə fədakarlıq göstərdilər. Müharibə zamanı xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları birlik nümayiş etdirdilər, arxa cəbhə ilə qarşılıqlı əlaqə mükəmməl şəkildə təşkil edildi. Bütün bunlar dövlət başçısının apardığı siyasətin nəticəsidir”, - deyə Bəxtiyar Nəbiyev fikrini yekunlaşdırıb.