“QARABAĞIN ALBAN – QIPÇAK ABİDƏLƏRİ” ELMİ SEMİNAR
20 aprel 2022-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Qədim dünya və orta əsrlər tarixi kafedrası və Bakı Dövlət Universitetinin tarixi muzeyinin birgə təşkilatçılığı ilə 18 aprel – Tarixi abidələrin mühafizəsi gününə həsr olunmuş “Qarabağın alban – qıpçak abidələri” adlı elmi seminar keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova 18 aprel – Tarixi abidələrin mühafizəsi gününə həsr olunmuş elmi seminarın mövzusu haqqında, Qarabağın alban – qıpçak abidələri haqqında son elmi araşdırmaların əhəmiyyəti haqqında qısa məlumat verdi və keçirilən bu tip elmi tədbirlərin əsas məqsədinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, Taix fakültəsinin təcrübəli müəllimlərinin son elmi tədqiqatları haqqında məlumatlandırmaq və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.
Elmi seminarda Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, t.e.d., professor Yaqub Mahmudov “Qarabağın alban – qıpçak abidələri”, Elnur Nəciyev “Qarabağın Alban-Qıpçaq tarixinə dair”, Güntəkin Nəcəfli “Azərbaycan Alban-xristian irsinin saxtalaşdırılmasına qarşı dəyərli tədqiqat” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi bildirdi ki, müxtəlif dövrlərdə albanşünaslıq sahəsində aparılmış bəzi tədqiqatlarda məqsədyönlü şəkildə ciddi saxtakarlıqlara yol verilib və bu istiqamətdə yazılan əsərlərin bir çoxu tarixi gerçəkliyi əks etdirmir. Tarixi mənbələrin heç birində qədim Albaniya dövlətininin adının qarşısında “Qafqaz” sözünün olmadığı halda həm Rusiya imperiyası, həm də SSRİ dövründə tarixşünaslıqda saxtakarlığa yol verilərək qəsdən bu dövlətin adının Qafqaz Albaniyası olaraq təqdim edilməsinə başlanımışdır. Digər mühüm məsələ Albaniya tarixi ilə bağlı araşdırmalarda “xristiandırsa türk deyildir” prinsipinin əsas tutulması olmuşdur. Bu yanlış məntiq min ildən artıq mövcud olan Albaniya dövlətinin tarixi ilə bağlı həqiqətin üzə çıxalımasına mane olmuşdur. Xüsusilə bu cür saxtakarlıqlara Qarabağ ərazisində mövcud olmuş Gəncəsər monastırı, Xudavəng monastır kompleksi, Ağoğlan məbədi və s. alban xristian abidələrinə qarşı münasibətdə məqsədli şəkildə yol verilmişdir.
Elmi seminarda akademik Yaqub Mahmudov bildirdi ki, onun rəhbərlik etdiyi layihə əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyi və Azərbaycan Tarixçiləri İctimai Birliyinin dəstəyi ilə Ramin Əlizadə və Elnur Nəciyevin müəllifi olduğu “Qarabağın Alban-Qıpçaq tarixinə dair” adlı kitab nəşr olunmuşdur (akademik Yaqub Mahmudov həmin əsərin ön söz müəllifidir).
100 nəfərdən çox iştirakçı ilə iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı. Sonda “Qarabağın Alban-Qıpçaq tarixinə dair” kitabının 100 nüsxəsi Tarix fakültəsinin tələbə və müəllim heyətinə paylandı.