“QAFQAZ XALQLARININ AİLƏ MƏİŞƏTİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ” ELMİ SEMİNAR
27.12. 2022-ci ildə Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Rəna Muxtar qızı İbrahimovanın “Qafqaz xalqlarının ailə məişətinin səciyyəvi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirdib. Qafqaz etnik, linqvistik, antropoloji cəhətdən mürəkkəb bir regiondur. Burada 50-dən çox xalq yaşayır. Qafqazda XIX əsrdə, xüsusilə, Şimali Qafqaz xalqlarının ailə məişətində arxaik institutlar: qan qisası, atalıq, qonaqpərvərlik, çəkinmə adətləri, suni qohumluq əlaqələri geniş vüsat tapmışdı. Bunlar haqqında orta əsrlərdə zaman-zaman burada olmuş səyyahlar, din xadimləri, səfirlər, tacirlər, məmurların yazılarında kifayət qədər dəyərli məlumatlar vardır. Rus İmperiyasının Qafqazda hakimiyyəti bərqərar olduqdan sonra bu regionun iqtisadi, topoqrafik, maliyyə, cografi, etnoqrafik baxımdan davamlı tədqiqi aparılmışdır. Bunun nəticəsində fundamental mənbələr nəşr olunmuşdur. Xalqların əsrlər boyu hər bir sahədə həyatlarını nizamlayan “Adətlər” yazıya alınmışdır (Kovalevski, Dalqat, Leontoviç və b.). Arxaik adətlərin mənşəyi araşdırılmış, onların cəmiyyətdə mühüm rolu göstərilmişdir. Bundan başqa rus şairləri – A.S.Puşkin, M.Y.Lermontov; yazıçılar L.Tolstoy, A.Bestujev-Marlinski və başqaları; fransız yazıçısı A.Düma Qafqaz xalqlarının həyat tərzini, adət-ənənələrini böyük həvəslə öz əsərlərində təsvir etmişlər. Rus administrasiyası qan qisası adətinə qarşı ciddi mübarizə aparmagına baxmayaraq, bunu tamamilə aradan götürülməsinə nail olmamışdır. Qonaqpəvrvərlik adəti isə ibrətamiz ənənə kimi məişətdə qalmaqdadır.