Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında elmi seminarı keçirilmişdir.
2025-ci il 8 aprel tarixində Tarix fakültəsi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın növbəti elmi seminarı keçirildi. Elmi seminarın mövzusu aktuallığı ilə diqqəti cəlb edən “Bəşəri cinayət: Xalqımıza qarşı soyqırımı tarixi mənbə və tədqiqatlarda (müqayisəli təhlil)” mövzusuna həsr olunmuşdu. Məruzəçi çıxışından öncə Soyqırım qurbanlarının, şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, Ümummilli lider Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998-ci il fərmanını diqqətə çatdırmaqla, vaxtı ilə “sinfi mübarizə”, “vətəndaş müharibəsi”, “məişət zəminində baş vermiş hadisə”, “mart olayları”, “erməni-müsəlman qarşıdurması” kimi qələmə verilən və tədqiqatlara cəlb olunan bu mövzunun müasir tarix elmimizin ən aktual mövzularından biri olduğunu vurğuladı. Dosent Sevinc Qasımova çıxışında XX yüzillikdə dəfələrlə gerçəkləşdirilən bu soyqırımları Rusiyanın regiondakı missiyasının erməni-daşnaklarının həyata keçirməsi, təkcə 1905-1906 cı ildə deyil, 1917-1920-ci illərdə, 1937-1038-ci ildə, 1948-1953-cü ildə, 1980-ci illərin sonlarında və 90-cı illərin qanlı hadisələrini törədən erməni-daşnaklarının terrorçuluq fəaliyyətləri, Azərbaycanın müxtəlif bölgələrində etnik əlamətlərə görə əvvəlcədən hazırlanmış kütləvi soyqırımları cinayəti törədənlərin əsrlərlə hazırladıqları siyasətin davamı olaraq minlərlə dinc əhalinin milli mənsubiyyətinə görə haqsız qurbanlara çevrilməsinə diqqət yetirdi. Xüsusilə Bakı, Quba, Şamaxı, Göyçay, Gəncə, Zəngəzur, İrəvan, Naxçıvan, Qarabağ, Şəki, Lənkaran və çoxsaylı qəzalarda erməni-bolşevik birləşmiş qüvvələrinin terrorçu fəaliyyətləri və vəhşiliklərinə dair 1918-ci ilin iyulun 15-dən 1919-cu ilin noyabrına qədər Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin rəsmi təhqiqat orqanı olan Fövqəladə Təhqiqat Komissiyasının hesabatları, arxiv sənədləri, müxtəlif dilli mənbələr və Vətən tarixçilərimizin mövzu ilə bağlı yazdıqları tədqiqatların müqayisəli təhlilini verməklə tələbələrin iştirakı ilə maraqlı diskussiya təşkil edildi.
Məruzədə maarifçi aydınlarımızın, Cümhuriyyət xadimlərimizin, sovet və ikinci müstəqillik dövrü Vətən tarixçilərinin əsərlərində problemə hansı aspektdən yanaşılması kardinal şəkildə təhlil edilərək, bütövlükdə Azərbaycanda və Osmanlı imperiyasında (Türkiyədə) böyük dövlətlərin siyasəti, erməni məkri, onların törətdikləri faciələr müqayisəli şəkildə diqqətə çatdırıldı. Ermənizmi təbliğ edən, mövcud həqiqətlərə göz yuman diaspor və lobbiçilər özlərini qədim və sivil xalqın nümayəndələri kimi göstərməyə çalışsalar da, “əfsanəvi soyqırımı” təbliğ etsələr də, 2016-cı ildə 4 günlük aprel döyüşləri, 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatı Möhtərəm Cənab Prezident, Ali Baş komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordu və xalq birliyi onların iç üzünü bir daha ifşa etdi. Məruzəçi sonda minlərlə günahsız insanların qanına bais olan və öz doğma yurdlarından didərgin salınan soydaşlarımızın taleyinə heç bir zaman biganə qalmayacağımıza, buna görə də Azərbaycan tarixinə insanlığa, bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi daxil olmuş bu hadisələrin gələcək nəsillərin yaddaşından silinməməsi üçün gənc tədqiqatçıları bu işə cəlb etməyin vacib və zəruri olduğunu diqqətə çatdırdı.