“İraq beynəlxalq münasibətlər sistemində”
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova elmi seminarın mövzusu haqqında qısa məlumat verdi və keçirilən bu tip elmi tədbirlərin əsas məqsədinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, Taix fakültəsinin təcrübəli müəllimlərinin son elmi tədqiqatları haqqında məlumatlandırmaq və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.
Elmi seminarda Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Ayida Bağırova “İraq beynəlxalq münasibətlər sistemində” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi bildirdi ki, İraq Yaxın Şərqin aparıcı, bəlkə də açar dövlətlərindən biridir. Son 40 il bu ölkə öz müasir tarixinin mürəkkəb, eyni zamanda dinamik dövrünü yaşayıb. Ümumiyyətlə İraqın müasir tarixi böyük sosial-siyasi sarsıntılardan keçmişdi, milli dövlətçiliyin bərqərar olması ağır və mürəkkəb proseslərlə müşaiyət olunmuşdu. 1968-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 35 il İraqın inkişafının əsas tendensiyasının təməlini qoyan Bəəs partiyası İraq cəmiyyətinin bütün sahələrində mühüm proseslərin özəyini təşkil etməklə yanaşı ölkənin qeyri-bərabər, bəzən ziqzaqlı inkişafının, ziddiyyətlərin özündə cəmləşdirmişdir. XX əsrin son rübü- XX əsrin əvvəllərində İraqın beynəlxalq və regional münasibətlər sistemində rolu və yeri xeyli artmışdır. Bu, bir çox daxili və xarici amillərlə bağlı idi. Əvvəla Yaxın Şərqin mərkəzində yerləşməsi İraqın maraq və siyası müdaxilə sferasını olduqca geniş və aktiv edirdi; ikincisi, iri neft gəlirləri fəal ərəblərarası, regional və beynəlxalq siyasət yürütmək üçün maddi baza yaradırdı; üçüncüsü, müasir və yaxşı təchiz olunmuş ordu ölkənin xarici siyasət ambisiyalarını təmin edirdi; dördüncüsü, stabil rejimin mövcudluğu ölkənin siyasi nüfuzunun artması yönündə məqsədyönlü siyasət aparmasına imkan yaradırdı. XX əsrin 70-ci illərində, yani Bəəs partiyasının hakimiyyətinin ilkin dövrlərində İraqın xarici siyasətinin başlıca istiqamətləri bir neçə xətt üzrə inkişaf edirdi: 1) “Ərəb siyasəti” çərçivəsində Ərəb ölkələri ilə sıx əlaqələrin qurulması; 2) aktiv regional siyasətin aparılması; 3) SSRİ başda olmaqla Şərq bloku ilə münasibətlərin genişləndirilməsi. Qərbin inkişaf etmiş dövlətləri ilə siyasi əlaqələrin “Ərəb millətinə dostluq və düşmənçilik” dərəcəsinə uyğun aparılmasından ibarət idi. 1980-cı-90-ci illərdə İraqın xarici siyasətinin başlıca istiqaməti Körfəz bölgəsinə yönəlmişdir ki, burada beynəlxalq səviyyə daşıyan iki ciddi münaqişə baş verdi – İran-İraq müharibəsi və Küveyt böhranı.
Dosent Ayida Bağırova məruzəsində bildirdi ki, XXI əsrin əvvəllərindən etibarən İraq və onun ətrafında cərəyan edən proseslər regional və beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərmişdir. 2003-cü il müharibəsi nəticəsində Bəəs siyasi rejimi süqut etdi. ABŞ və onun müttəfiqlərinin İraqda müharibədən sonrakı hakimiyyətin, regionda yeni düzənin formalaşdırması istiqamətindəki fəaliyyəti regional və beynəlxalq təhlükəsizlik üçün ciddi çağırışlar yaratdı. S.Hüseyn rejimi timsalında İraq regional təhlükə olaraq aradan qalxdı, eyni zamanda müharibənin fəsadları yeni təhdidlər kompleksi yaratdı. İraqın statusunun ciddi deformasiyaya uğramasına rəğmən bu dövlət Yaxın Şərqdə potensial güc mərkəzlərindən biri kimi qalmaqdadır.
85 nəfərdən çox iştirakçı ilə iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.