“Erkən əkinçilik mədəniyyəti” mövzusunda dəyirmi masa olmuşdur
Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Gənc arxeoloq” elmi dərnəyinin fəaliyyət planına uyğun olaraq 01 may 2025-ci il tarixində “Erkən əkinçilik mədəniyyəti” mövzusunda dəyirmi masa olmuşdur. Dəyirmi masada AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Etnoarxeologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, Nəcəf Ələsgər oğlu Müseyiblinin “Azərbaycanda erkən əkinçilik mədəniyyətləri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycanda istehsal təsərrüfatının yaranması, erkən əkinçilik mədəniyyətlərinin tarixi və coğrafi icmalı, erkən əkinçilik mədəniyyətini səciyyələndirməyə imkan verən arxeoloji komplekslərin, artefaktların təhlili əsasında onların ümumşərq xüsusiyyətləri və məhəlli cəhətləri haqqında maraqlı məlumat verildi, əsasən, Şomutəpə və Leylatəpə mədəniyyətlərinə mənsub abidələrin tədqiqinin əhəmiyyəti diqqətə çatdırıldı. Azərbaycanda erkən əkinçilik mədəniyyətinin öyrənilməsinə XX əsrin ortalarından başlanılmasını, bu istiqamətdə arxeoloq Osman Həbibullayevin Naxçıvan diyarında, arxeoloq İdeal Nərimanovun Gəncə-Qazax, Qarabağ bölgələrində apardıqları arxeoloji qazıntıların əhəmiyyətini qeyd edən natiq, məhz professor İdeal Narimanovun iki arxeoloji mədəniyyəti: Şomutəpə və Leylatəpə mədəniyyətlərini kəşf etməsini xüsusi vurğuladı. Tədqiqatçı Leylatəpə mədəniyyətinin xronologiyası üzrə arxeoloji materialların təhlili və radiokarbon analizlərin nəticələrinin biri-birini tamamlayaraq bu mədəniyyətin əminliklə e.ə. V minilliyin sonu - IV minilliyin birinci yarısına aid etməyə imkan verdiyini bildirdi. Yaşayış məskənlərinin və dəfn abidələrinin arxeoloji qazıntılarının nəticələri, əldə olunmuş zəngin maddi mədəniyyət nümunələrinin - keramika, daş, sümük, metal məmulatlarının təhlili əsasında Leylatəpə mədəniyyətinin səciyyəvi xüsusiyyətləri şərh olundu. Gəncə-Qazax bölgəsində Neolit dövrünün erkən əkinçilik-maldarlıq təsərrüfatının yerli mənşəli olmasına dair tutarlı faktların aşkarlandığı, Xalkolit dövrünə aid Leylatəpə mədəniyyətinin Şərqi Anadolu-Şimali Mesopotamiyadan baş vermiş miqrasiyalar nəticəsində yarandığı, eyni zamanda Şimali Qafqazın Maykop mədəniyyətinin məhz Leylatəpə mədəniyyəti əsasında meydana çıxdığı vurğulandı.
Tədbirdə Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Gənc arxeoloq” elmi dərnəyinin üzvləri, eləcə də kafedra müəllimləri iştirak etmişlər. Tələbə və magistrantların sualları professor Nəcəf Müseyibli tərəfindən cavablandırılmış, arxeologiyaya, erkən əkinçilik mədəniyyətinin öyrənilməsinə maraq göstərən gənclərə məsləhətlər verilmişdir.