Elmi seminar keçirilib
06 iyul 2022-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Arxeologiya və Etnoqrafiya kafedrasının “Azərbaycanın antik dövr tayfalarının mənəvi mədəniyyəti yazılı və arxeoloji mənbələrdə“ mövzusunda elmi seminarı keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova elmi seminarın mövzusunun aktuallığı və Vətən tarixinin, xüsusilə azərbaycan xalqının soykökü probleminin tədqiqi və tədrisində yeri haqqında qısa məlumat verdi və keçirilən bu tip elmi tədbirlərin əsas məqsədinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, Taix fakültəsinin təcrübəli müəllimlərinin son elmi tədqiqatları haqqında məlumatlandırmaq və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.
Elmi seminarda Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti İradə Avşar “Azərbaycanın antik dövr tayfalarının mənəvi mədəniyyəti yazılı və arxeoloji mənbələrdə“ mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi bildirdi ki, Qafqazın qədim dövlətlərindən biri olan Albaniya Azərbaycanın antik və ilk orta əsrlər dövrünün tarixi və arxeoloji cəhətdən öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Albaniyanda yaşamış qədim tayfaların etnik və dini mənsubiyyətinin öyrənilməsi, bu gün də qədim tariximizin aktual və mühüm məsələlərindən biri sayılr. Arxeoloji və yazılı mənbələr Albaniyada yaşamış tayfaların dini dünyagörüşləri və mədəniyyətlərinin öz kökləri ilə daha qədim dövrlərə söykəndiyi haqqında məlumat verir. Arxeoloji tədqiqatlardan məlum olduğu kimi, miladdan əvvəl və miladdan sonra (ərazidə xristianlığın qəbul edilməsinə baxmayaraq) çox allahlılıq (politeizm) dini tayfalar arasında əsas din forması kimi qalmaqda davam etmişdir. Strabon xristianlığı qəbul etməmişdən öncə albanların Günəş, Ay, Yer və Göy tanrılarına sitayiş etdikləri haqqında məlumat vermişdir. Bütün bunlar, ərazidə arxeoloji cəhətdən tədqiq olunan qədim məbədlər və qəbir abidələri əsasında öyrənilmişdir. Alban dövləti və yaşayış yerləri haqqında məlumat yazılı mənbələrdə yetərincə olmadığı üçün onun tarixinin bir çox məsələləri ərazidə aparılan arxeoloji qazıntılarla müəyyən olunmuşdu. Belə ki, ərazidə Antik dövrə aid yaşayış yerləri və müxtəlif tip qəbir abidələri mövcuddur. Qəbirlərdə izlənilən dəfn adətləri daha qədim dövrlərə söykənməklə yanaşı, tədqiq olunan dövrdə də demək olar ki, özlərində eyni xüsusiyyətləri daşıyır. Tədqiqatlardan göründüyü kimi, qədim dini ənənələrin davamı antik dövrdə belə tayfaların dini dünyagörüşlərindən yan keçməmişdi.
30 nəfər iştirakçı ilə iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.