ELMİ KONFRANS
27 aprel 2022-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin, Azərbaycan neft və Sənaye Universitetinin Humanitar fənlər kafedrasının, UNEC Humanitar fənlər kafedrasının və Azərbaycan Dövlət Pedaqoju Universitetinin Azərbaycan tarixi kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycanın tarixi yer adlarının dəyişdirilməsi və saxtalaşdırılması mövzusunda elmi konfrans keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov bildirdi ki, Prezident İlham Əliyev 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması vurğulanmışdı. Bu çıxışdan sonra mövzunun tədqiq və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, eləcə də, vaxtilə azərbaycanlıların yaşadığı Ermənistan Respublikası ərazisində dağıdılmış dini və mədəni abidələrin və tarixi yer adlarının saxtalaşdırılması məsələsinin hərtərəfli tədqiqi aktuallaşmış və mövzu ilə bağlı yeni kitablar və tədqiqatlar işıq üzü görmüşdür.
Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçən konfransda Azərbaycanın tarixi yer adlarının dəyişdirilməsi və saxtalaşdırılması mövzusunu əhatə edən 4 məruzə dinlənildi.
Bakı Dövlət Universiteti, Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini, t.ü.f.d. Elşən Aslanov “Qarabağ toponimləri”, Azərbaycan neft və Sənaye Universitetinin Humanitar fənlər kafedrasının müdiri, t.e.d., professor Camal Mustafayev “Ermənistanın Qərbi Azərbaycanda türk toponimlərinə qarşı soyqırımı siyasəti”, UNEC Humanitar fənlər kafedrasının müdiri, t.e.d., professor Vəkil Həsənov “Azərbaycanın yer adlarına qarşı erməni vandalizmi”, Azərbaycan Dövlət Pedaqoju Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, t.ü.f.d, dosent Naibə Əhmədova “Azərbaycan toponimlərinin məhv edilməsi erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinin təzahürü kimi” mövzusunda məruzə etdilər.
80 nəfərdən çox iştirakçı ilə iki saatdan çox davam edən konfrans maraqlı müzakirələr və təkliflərlə yadda qaldı.