Beynəlxalq simpoziumda iştirak
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi dosent Səidə Quliyeva VI Beynəlxalq Türklərin Dünyası Sosyal Elmlər Simpoziumunda (VI. Uluslararasi Türklerin Dünyasi Sosyal Bilimler Sempozyumu) iştirak edib. S.Quliyeva simpoziumda “Azerbaycan Halkinin Etnik Temizlik Ve Soykırıma Karşı Mücadelesi: 20 Ocak Tarihi” (“Azərbaycan xalqının etmik təmizlik və soyqırımına qarşı mübarizəsi: 20 yanvar tarixi”) mövzusunda məruzə etmişdir.
Məruzədə Azərbaycan xalqının son 200 ildə etnik təmizlik və soyqırımı siyasətinə qarşı mübarizəsi, bu mübarizədə 20 Yanvar faciəsinin tarixi və Vətən müharibəsi barədə məsələlər təhlil edilmişdir. Müəllif qeyd edib ki, Bakıya Sovet qoşunlarının yeridilməsi təmamilə fərqli nəticələndi. Belə ki, bu hərbi əməliyyat ermənilərin etnik təmizləmə və soyqırıma qarşı ayağa qalxan xalqın milli azadlıq hərəkatını, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini boğmaq məqsədi daşısa da, tariximizin növbəti qəhrəmanlıq məktəbi oldu. Xalqın şüurunda bir mənalı olaraq müstəqillik fikrini möhkəmləndirdi. Ermənilərin ərazi iddialarına və SSRİ-nin mərkəzi hakimiyyətinin qərəzli mövqeyinə etiraz olaraq başlayan milli mübarizə hərəkatı müstəqilliyimizin bərpasına, həmin imperiyanın isə çökməsinə səbəb oldu. Vətən müharibəsində qələbə Qarabağ problemi ilə əlaqədar ilk qanlı və dəhşətli hadisəni bu gün bir daha aktual edir və ona fərqli yanaşmağı, elmi müstəvidə araştırmağı zəruri edir. Oxşar hadisələr türk dünyasında da yaşandığı üçün mövzunun beynəlxalq elmi ictimaiyyətə elmi müstəvidə təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir.
Almaniya Türklərin Dünyası İnstitutu və Moldovanın Komrat Devlet Üniversitesi tərəfindən təşkil edilən Türklərin Dünyası Sosyal Elmlər Simpoziumu bu il COVİD-19 səbəbilə hibrit qaydada keçirilib. Türkiyə, Azərbaycan, Polşa, Özbəkistan, Qazaxıstan və digər ölkələrin alimlərinin iştirakı ilə keçirilən konfransda dil, ədəbiyyat, tarix, fəlsəfə, ilahiyyat, pedaqogika, beynəlxalq münasibətlər və s. sahələr üzrə 200-ə yaxın məruzə dinlənilib.
Əlavə edək ki, məruzələrin tezisləri və məqalələri isə konfransdan sonra İSBN-li konfrans kitabında nəşr ediləcəkdir.