BDU-nun professoru: Əldə edilmiş yeni faktlar 1918-ci il soyqırımının coğrafiyasının daha geniş olduğunu təsdiqləyir
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, soyqırımı və faciələrlə dolu səhifələr də yazılıb. Zaman-zaman mənfur qonşularımız tərəfindən tarixi torpaqlarımızda erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı kütləvi qırğınlar törədilib. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam etdirdikləri soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, onların evləri yandırılıb, əmlakları qarət olunub. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İbrahim Zeynalov söyləyib.
Professor qeyd edib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, “Müsavat” partiyasının durmadan artan nüfuzu bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırdı. Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər “Müsavat” partiyasına ciddi şəkildə uduzmuşdu. “Müsavat”ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də S.Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, “Müsavat” partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara “dərs vermək” istəyirdi. Bakının türk-müsəlman əhalisinə qarşı soyqırımına ciddi hazırlaşan S.Şaumyan bolşevik rəhbərliyindən Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili surətdə on milyon rubl göndərilməsini xahiş edirdi. Bolşeviklərin S.Şaumyana göndərdikləri ərzaq eşelonları bu dövrdə Şimali Qafqazda yaranmış Terek-Dağıstan müsəlman hökumətinin maneçilik törətməsi nəticəsində Bakıya yetişməsə də, ermənilər Moskvadan böyük mənəvi dəstək aldılar. 1917-ci il dekabrın 29-da Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzaladı. Bu sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi.
Bakıda törədilən 1918-ci ilin mart soyqırımında “Daşnaksutyun” bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri S.Şaumyanın təşkilatçılığı ilə Bakıda cəmləşdirildi. Sonradan 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımının əsas təşkilatçısı və icraçısı V.Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi Qırmızı ordunun tərkibi də ermənilərdən ibarət olub.
1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır.
Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3 min 632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8 min 27 azərbaycanlı qətlə yetirilib. Onlardan 4 min 190 nəfəri kişi, 2 min 560 nəfəri qadın, 1277-si isə uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kənddən 86-da əhalinin erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Ermənilər soyqırımı siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmir, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci il martın 31-dən aprelin 2-dək Bakı, Şamaxı, İrəvan, Quba, Lənkəran, Astara, Salyan, Neftçala və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırımı zamanı təkcə on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min nüsxə “Qurani-Kərim” kitabı odda qalandı.
“Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan olundu. Qeyd edək ki, bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir. Fərmanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı proqram tezisləri öz əksini tapıb. Sənəd, eyni zamanda, ermənilərin türk dünyasına qarşı yönəlmiş düşmənçilik hərəkətlərinin, cinayətlərinin, “böyük Ermənistan” yaratmaq kimi boş və cəfəng ideyalarının tədqiqatını da zəruri edib. Yəni, soyqırımının birinci növbədə milli düşmənçilik zəminində türklərə, daha sonra türk dünyasının tərkib hissəsi olan azərbaycanlılara qarşı yönəldilməsi mərhələ-mərhələ araşdırılmalı, türk-Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq ideyalarının ermənilərin beyninə yeridilməsinin səbəbi və şəraiti, öz xeyirlərinə tarixi saxtalaşdırmaları xalqımıza, dünya ictimaiyyətinə çatdırılmalı, onların bu iyrənc arzu və istəkləri açıqlanmalıdır. Ümummilli lider Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı müvafiq Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə bu gün də kütləvi informasiya vasitələrində məqalələr dərc edilir”, - deyə tarixçi-alim fikrini yekunlaşdırıb.