"Bayandurlu dövrünə dair vəqf əmlakları" mövzusunda elmi seminar keçirilmişdir.
22 aprel 2024-cü ildə saat 14:00-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Bayandurlu dövrünə dair vəqf əmlakları" mövzusunda elmi seminar keçirilmişdir.
Dindən və dünyagörüşündən asılı olmayaraq bütün dünya sivilizasiyalarında xeyriyyə məqsədilə torpaq mülkiyyəti formalaşmışdı ki, onların hər biri mahiyyət etibarilə oxşar olsalar da, fərqli xüsusiyyətləri özündə hifz etmişdi. İslam dininin yaranması ilə vəqf əmlaklarının formalaşması və qanuniləşməsi üçün şərait yarandı. Aparılan araşdırmalar nəticəsində vəqflərin yaranma səbəbləri, xüsusiyyətləri və növləri müəyyən edilmişdir. Araşdırma zamanı Bayandurlu sülalə üzvlərinin vəqf etdikləri əmlakların nümunəsində Azərbaycandakı vəqf torpaq mülkiyyətinin xüsusiyyətləri üzə çıxarılmışdır.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev bildirdi ki, vəqflərin mahiyyətinin və Bayandurluların vəqf əmlaklarının öyrənilməsi baxımından kafedramızın müəllimi Zəhra İslamovanın təqdim etdiyi "Bayandurlu dövrünə dair vəqf əmlakları" adlı mövzusu böyük elmi aktuallıq kəsb edir.
Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müəllimi Zəhra İslamova eyni adlı məruzə ilə çox məzmunlu çıxış etdi. O, çıxışında vəqfin yaranma səbəbləri, növləri, onlar arasında oxşar və fərqli cəhətləri göstərərək Bayandurlu dövrünün vəqf əmlakları haqqında ilkin mənbələrdən seçdiyi materialları seminar iştirakçıların diqqətinə çatdırdı. Məruzədə Bayburtda Qutluq bəyə məxsus olub, vəqf kimi fəaliyyət göstərən cami, zaviyə və türbə, Təbrizdə Sahibabad kompleksinə aid olan Nəsriyyə və Maqsudiyyə dini abidələrinə vəqf kimi bağışlanan kəndlər, həmin kənddən gələn vəqf gəlirlərinin bölgüsü və s. məsələləri ilkin mənbələr əsasında təhlil edildi.
Seminarda Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru Sevda Süleymanova, dosenti Ülviyyə İbrahimova məruzədə irəli sürülən məsələlərə öz münasibətini bildirdilər. Seminar iştirakçısı olan fakültə müəllimləri, magistrlar, laboratoriyanın elmi işçiləri və tələbələr mövzu haqqında elmi cəhətdən mühüm bilgilər əldə etdilər.