“21 Azər hərəkatının tarixi, siyasi əhəmiyyəti“
21 may 2022-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Asiya və Afrika ölkələri tarixi kafedrasının “21 Azər hərəkatının tarixi, siyasi əhəmiyyəti“ mövzusunda adlı elmi seminarı keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova elmi seminarın mövzusunun aktuallığı və Vətən tarixinin tədrisində yeri haqqında qısa məlumat verdi və keçirilən bu tip elmi tədbirlərin əsas məqsədinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, Taix fakültəsinin təcrübəli müəllimlərinin son elmi tədqiqatları haqqında məlumatlandırmaq və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.
Elmi seminarda Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli “21 Azər hərəkatının tarixi, siyasi əhəmiyyəti“ mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi bildirdi ki, İran tarixində, Xüsusilə Azərbaycan tarixində 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatının böyük əhəmiyyəti vardır. Azərbaycan xalqının görkəmli ictimai-siyasi və dövlət xadimi Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi bu hərəkat İran təqvimi ilə Azər ayının 21-də baş verdiyinə görə ona tarixi ədəbiyyatda həm də “21 Azər” hərəkatı deyilir. Bu hərəkatın siyasi bəhrəsi 1945-ci il dekabrın 12-dən 1946-cı il dekabrın ortalarınadək mövcud olmuş Azərbaycan Milli hökumətinin qurulması və fəaliyyəti olmuşdur. Qısa zaman kəsiyində həyatın müxtəlif sahələrində bir çox islahatlar keçirildi. İran şahlıq quruluşu şəraitində milli muxtariyyat tələbi ilə çıxış edən Pişəvəri hökuməti bunun mümkün olmadığını görəndə milli istiqlaliyyət uğrunda mübarizə mərhələsinə qədəm qoydu. Hökumət tezliklə bir sıra islahatlar həyata keçirdi. Azərbaycan dili dövlət dili elan edildi. İlk dəfə olaraq milli məktəblər açıldı, yeni məktəb binaları inşa edildi. Təbriz universiteti açıldı. Azərbaycan dilində dərsliklər yazıldı və nəşr edildi. Torpaq islahatı aparıldı, kəndlilərə torpaq sahələri verildi. Fabrik-zavodlar açıldı, yollar, körpülər təmir olundu. Mədəniyyət sahəsində islahatlar genişləndi. Milli hökumətin nailiyyətlərini qorumaq üçün milli ordu hissələri – fədai dəstələri yaradıldı. Lakin İranda şahlıq rejiminin və amerika silahlı birləşmələrinin köməyilə, Sovet hökumətinin xəyanəti nəticəsində Cənubi Azərbaycanda baş vermiş bu hərəkat məğlubiyyətə düçar oldu. Bu hərəkatın ibrət dərsləri heç vaxtı unudulmamalıdır.
40 nəfərdən çox iştirakçı ilə iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.