Asiya və Afrika ölkələri tarixi kafedrasında “Tayvan adası Çin sülaləsi hakimiyyəti illərində (1683-1895)” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
17 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının 5502.01 "Ümumi tarix" ixtisası üzrə əyani doktorantı Sabir Əhmədovun elmi seminarı keçirilmişdir. Seminar “Tayvan adası Çin sülaləsi hakimiyyəti illərində (1683-1895)” mövzusuna həsr olunmuşdur.
Məruzədə Tayvan adasında Çin hakimiyyətinin qurulması və bundan sonra həyata keçirilən sosial, iqtisadi və inzibati islahatlar təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi bu islahatların ada əhalisinin milli kimliyinin formalaşmasına təsirini müəyyənləşdirmək olmuşdur. Məhz Çin sülaləsi tərəfindən yürüdülən təcridetmə siyasəti nəticəsində Tayvanda milli kimlik və milli özünüdərk formalaşmışdır. Artıq XVIII əsrdə Tayvan Çin hakimiyyətinə qarşı olanların əsas dayaq nöqtəsinə çevrilmişdir. Bununla əlaqədar məruzəçinin də qeyd etdiyi kimi Tayvana münasibətdə “üsyançı ada” stereotipi formalaşmışdır. 1721-1732-ci illər “Üç böyük” üsyan, o cümlədən 1786-cı il Lin Şuanven və 1862-1864-cü illər Day Çaoçun üsyanlarının nümunələri ilə məruzədə Tayvanın Çin hakimiyyətinin sonlarına qədər siyasi cəhətdən qeyri-stabil olduğu göstərilmişdir. Bundan əlavə məruzədə Çin sülaləsinin Tayvanın aborigen əhalisi olan Avstroneziya tayfalarına yönəli siyasəti işıqlandırılmış və bu əsasda adanın inzibati sistemi (Fu-Dao-Şun) haqqında qeyd edilmişdir.
XIX əsrdə Çində baş verən siyasi proseslərdən bəhs edilərək, məruzəçi tərəfindən Tayvanın “açıq limanlar” sisteminə daxil edilməsi və Tamsvey şəhərində ingilis mülkünün yaradılması və Robert Svinhonun rəhbərliyi altında ilk konsulluğun yaradılması və onun adanın inkişafında əhəmiyyəti şərh edilmişdir. Məruzədə məhz avropalıların gəlişindən sonra adanın dünya iqtisadiyyatı və ticarəti ilə inteqrasiya olduğu vurğulanmışdır. Bu cəhətdən Böyük Britaniya, ABŞ, Niderland və Yaponiya kimi dövlətlərin Tayvana xüsusi olaraq maraq göstərməsi və bunun səbəbləri ətraflı şəkildə izah olunmuşdur.
Yekun olaraq məruzəçi tərəfindən I Çin-Yaponiya müharibəsi və onun nəticəsində 17 aprel 1895-ci ildə imzalanan Şimonoseki müqaviləsinin II maddəsinə uyğun olaraq Tayvanın Yaponiyanın tərkibinə qatılması haqqında bəhs edilmişdir. Beləliklə, məruzədə Çin sülaləsi dövründə Tayvana qarşı yürüdülən təcrid siyasətinin adanın sonrakı inkişafına və müasir statusuna ciddi şəkildə təsir etdiyi göstərilmişdir.
Elmi seminar mövzunun aktuallığı, elmi yanaşma tərzi və təqdim olunan nəticələr baxımından iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Seminar zamanı mövzu ətrafında geniş müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmış və faydalı elmi fikir mübadiləsi həyata keçirilmişdir.