“Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda III Respublika elmi konfransı keçirilib
-lg.jpg)
26 may 2026-cı ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünə və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda III Respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqində Tarix fakültəsinin dekanı İbrahim Zeynalov bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova konfransın əsas məqsədinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, eləcə də XX əsr soyqırımı həqiqətlərini bir daha yada salmaq, bu istiqamətdə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirmək, tələbə və magistrantları onların yeni tədqiqatlarının nəticələri ilə tanış etmək olduğunu deyib və bildirib ki, elmi konfransa 100-dən çox tezis daxil olub, onlardan 78 tezis qəbul olunub.
Daha sonra çıxış edən Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov Azərbaycan xalqının dövlətçilik tarixinin müxtəlif dövrləri və onların xarakterik xüsusiyyətləri haqqında məruzə edərək, bu zəngin tarixi yolda Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi yeri vardır. Natiq vurğulayıb ki, XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentli respublikanın yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Olduqca mürəkkəb tarixi şəraitdə qurucu şəxsiyyətlərin böyük səyləri nəticəsində elan olunan Azərbaycan Xalq Cümhuriyyəti özünəməxsus tarixi yol keçmiş, 23 ay ərzində imkanlarının hüdudlarında milli-dövlət quruculuğu, elm, təhsil və digər sahələrdə böyük işlər görmüş və Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində süqut etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan tarixində silinməz izlər qoyub.
Daha sonra Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yadıgarı Bakı Dövlət Universitetinin yaranması tarixindən danışdı və bildirdi ki, müxtəlif dövrlərdə tarixin sınağından məğrur çıxan Universitet 1919-cu ildə olduğu kimi, bugün də Azərbaycanda elm və təhsilin inkişafında flaqman rolunu qoruyub saxlamaqdadır.
Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus xüsusiyyətlərindən, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı Səbuhi Quliyev isə, Azərbaycan Xalq Cümhuriyyəti: qısa ömürlü böyük tarixindən danışıb.
Konfrans 9 bölmə iclası ilə işini davam etdirib. Konfransda Bakı Dövlət Universitetindən başqa, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutundan, M.Fizuli adına Əlyazmalar İnstitutundan, Milli Azərbaycan Tarixi Muzeyindən, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialından, Azərbaycan Turizm və Menecment Universitetindən, Qərbi Kaspi Universitetindən, Xəzər Universitetindən, Bakı Avrasiya Universitetindən iştirakçıların məruzələri dinlənilib, iştirakçılara sertifikatlar verilib.