Arxeologiya və etnoqrafiya kafedrasında elmi seminar keçirilmişdir.
8 aprel 2025-ci il tarixində Arxeologiya və etnoqrafiya kafedrasının doktorantı Elmira Əli qızı Hacıyevanın “Azərbaycanlıların ənənəvi rəqs mədəniyyətinin xüsusiyyətləri və semantikası” adlı dissertasiya işinə uyğun olaraq “Ənənəvi Azərbaycan rəqslərinin semantika baxımından təsnifatı” adlı elmi seminar keçirilmişdir.
Məruzəçi bu mövzuyla bağlı indiyədək aparılmış tədqiqatlar barədə iştirakçılara məlumat vermiş, sonra isə özünün yanaşmasını təqdim etmişdir. Bu mövzunun bu günə kimi əsasən sənətşünaslar tərəfindən araşdırılması vurğulanmışdır.
Ənənəvi rəqslərimiz mövzusuna, adlanmasına, ifaçılarının sayına, yaşına, cinsinə, ərazilərə və s. görə müxtəlif cür klassifikasiya olunur.
Seminarda rəqslərin adlarının təsnifatına dair geniş məlumat verilmişdir. Ənənəvi rəqs adlarının çox az bir hissəsinin təsadüfi adlar olması qeyd olunaraq əksəriyyətində tarixi proseslərin, xalqımızın etnopsixologiyasının, mədəniyyətinin öz təsirini göstərməsi vurğulanmışdır.
İfaçıların sayına görə solo, cüt, kollektiv kimi təsnifatlaşdırılan rəqslərimizdə digər bir özəllik isə qadın və kişi rəqslərində olan fərqli hərəkət texnikasıdır.
Azərbaycan rəqslərində həmçinin yaş, sosial təbəqələşmə xüsusiyyətlərinin olması da xarakterikdir.
Seminarda BDU Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Qanira Pirquliyeva, t.ü.f.d. Hicran Mahmudova çıxış edərək mövzu ilə bağlı mülahizələrini diqqətə çatdırmışlar. Tədbirdə Arxeologiya və etnoqrafiya kafedrasının magistrantları, doktorantı, eləcə də kafedranın müəllimləri də iştirak etmişlər. Sonda iştirakçılar tərəfindən onları maraqlandıran suallar cavablandırılmış və kafedra müəllimləri tərəfindən gənc tədqiqatçıya tövsiyələr edilmişdir.