20 YANVAR – MÜSTƏQİLLİYİMİZƏ, AZADLIĞIMIZA GEDƏN YOLUN BƏDƏLİ
Hər bir xalqın tarixində, baş verdiyi zamanlarda hər nə qədər ağrılı-acılı olsa da, zamanla onun qürur mənbəyinə çevrilən şərəfli hadisələr, günlər mövcuddur. Bu baxımdan, Azərbaycan xalqı da istisna deyil. Tariximizin yaşanmış elə səhifələri var ki, hər dəfə xatırladıqca, ən ağır zamanlarda belə özümüzdə güc tapıb yolumuza davam etməyə cəsarət alırıq onlardan. Belə hadisələrdən biri də, “Qan yaddaşımız” dediyimiz - 20 yanvar hadisəsidir.
Hadisədən xəbərsiz kiminsə “1990-cı il yanvar ayının 20-də nə baş verib?” sualına cavab vermək lazım gələrsə, “Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri, dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi” desək, səhv etmərik. Amma əslində hər şey bu məlumatda təqdim olunduğu qədər də deyil:
20 yanvar faciəsini baş verdiyi həmin o qanlı gündə yaşamış, həmiçinin hər günündə, hər saatında yaşamağa davam edən nə qədər ailələr var hələ də...
O məlumatlarda deyilən rəqəmlərin hər birinin arxasında, özündən dəfələrlə çox insanların dərdli həyat hekayələri dayanır hələ də...
Yanvar ayının 20-ni “təqvimdən bir gün” kimi hiss etməyənlər, yaşamayanlar var hələ də...
Amma istənilən halda, 20 yanvar - ümumilikdə xalqımızın, ayrı-ayrılıqda isə hər birimizin müstəqilliyimizə, azadlığımıza getdiyimiz yolun bədəli hesab edilə bilər, fikrimcə. Müstəqilliyimiz uğrunda mübarizə aparmışıq və bu yolda verdiyimiz qurbanlar olub. Bir çoxları tərəfindən, ümumilikdə dünyada gedən proseslərin bir hissəsi, SSRİ-nin dağılmasının nəticəsi kimi qiymətləndirilməsinə baxmayaraq, müstəqilliyimizi bizə heç kim “hədiyyə” etməyib. Şəhidlər, ağır qurbanlar verməklə qazanmışıq biz hazırki müstəqilliyimizi. Və belə çətinliklər hesabına əldə edildiyinə görə də, onun qorunub saxlanması hər birimizin üzərinə daha çox məsuliyyət qoyur əslində. Bu məsuliyyəti dərk etməliyik hər birimiz!
Alman filosofu Fridrex Nitsşe “Zərdüşt belə deyirdi” əsərində yazırdı ki, “ölmək, torpağa qarışmaq istəyirəm ki, məni sevənlər mənə görə bu torpağı daha çox sevsinlər”. Dahiliyi, müdrikliyi dünyanın bütün xalqları tərəfindən qəbul edilən Nitsşenin sözlərini əbəs yerə xatırlatmadım. Onun, az əvvəl misal gətirdiyim fikri baxımından, bizim torpağımızı sevməyə, əldə etdiyimiz müstəqilliyimizi qoruyub saxlamağa hər kəsdən daha çox səbəbimiz var, deyəcəm. Onu bizə daha çox sevdirmək üçün, ona qarışanlarımız var! Unutmayaq məncə onları... Allah bütün şəhidlərimizə rəhmət etsin!
Əsməd Muxtarova
tarix elmləri doktoru, professor
Türk xalqları tarixi kafedrasının müdiri