Mənbəşünaslıq, tarixşünaslıq və me­todika kafedra haqqında

Mənbəşünaslıq, tarixşünaslıq və me­todika kafedrası 1980-ci ildə təşkil olu­nub. Hal-hazırda kafedrada 1 nəfər professor, 7 nəfər  dosent, 3 nəfər müəllim, 1 nəfər böyük laborant çalışır. Eyni zamanda kafedra ilə uzun illərdən bəri təcrübəli tarixçi-alimlər  t.e.d.T.Həsənzadə, p.ü.f.d.D.Musayev, t.ü.f.d.N.Əmirbəyova, t.ü.f.d N.Nəsirov,t.ü.f.d. N.Quliyeva  və  başqa  saathesabı müəllimlər əməkdaşlıq edir.

Kafedraya 1980-1991-ci illərdə professor Miryusif Mirhadiyev, 1992-1995-ci illərdə t.e.d.Mətləb Gülmalıyev, 1996-1999-cu illərdə professor Eldar İsmayılov rəhbərlik etmişlər.

1999-cu ildən bu günədək kafedraya  t.e.d., professor Anar Camal oğlu İsgəndərov rəhbərlik edir. 1984-cü ildən Tarix fakültəsində pedaqoji fəaliyyətə başlayan və 2005-ci ildə kafedranın professoru seçilən professor A.C.İsgəndərov Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, 71 saylı Masallı kənd seçki dairəsi üzrə Azərbaycan Resbublikası Milli Məclisinin deputatıdır. O, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, Universitet və Fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov "Tarix və onun problemləri", "Dirçəliş", "Kəlam", "Yaşıl çay" jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Professor A.C.İsgəndərovun tədqiqat sahəsi 1917-1920-ci illər Azərbaycan tarixi, Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı problemi, 1930-cu illərdə din xadimlərinə qarşı həyata keçirilən repressiyalar tarixidir.  O, Azərbaycan tarixinin tədqiqi vacib olan 1918-ci il mart soyqırımının tarixşünaslığını elmi baxımdan ilk dəfə tədqiq etmişdir. Professor A.C.İsgəndərov Azərbaycanın 1917-1920-cil illər tarixi ilə bağlı 6 monoqrafiya, 5 dərs vəsaiti, 15 proqram və 300-dən çox elmi məqalənin müəllifidir.

2011-ci ildə görkəmli ABŞ tarixçisi Castin Makkartinin ön sözü ilə ABŞ-da nəşr olunmuş "Realites of Azerbaijan: 1917-1920" əsəri ilə professor A.C.İsgəndərov ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifdir.

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası Respublikada Azərbaycan tarixinin mənbəşünaslığı, tarixşünaslığı və metodikası istiqamətində araşdırmalar aparan mühüm tədqiqat mərkəzidir. Hazırda kafedranın əməkdaşları tərəfindən Tarix elminin aktual problemləri və Azərbaycan tarixinin tədrisinin öyrənilməsi və tarixin tədrisinin nəzəri problemləri üzərində elmi-tədqiqat işləri aparılır.

Kafedra əməkdaşlarının elmi nəticələri “1918-ci il mart qırğını”, “Azər­baycanda türk-müsəlman soyqırımı prob­­­leminin tarixşünaslığı”, “Azərbaycan hə­qi­qətləri. 1917-1920” (A.C.İsgəndərov), “Türk dünyasının mübariz mütəfəkkiri” (Səidə Əli qızı), “Mirzə Kazım bəy - Şərq və Qərb arasında körpü”, “XIX yüzillikdə maarifçi-demokratik hərəkat və onun tarixşünaslığı”, “Mənbəşünaslıq” (S.B.Qasımova), “Arxivşünaslıq”, “Tarixin tədrisi­nin aktual problemləri” (M.S.Məmmədova), “Tarixi demoqrafiya” (A.B.Məmmə­dov), “ABŞ tarixinin tarixşünaslığı” (rus dilində)(A.B.Məmmədov, A.C.Xəlilzadə),   “Azərbay­can Xalq Cümhuriyyətinin Parlament Sənədləri 1918-1920-ci illər vətən tarixini öyrən­mək üçün mənbə kimi” (S.Ə.İsmayılov), “Kitabi-Dədə Qorqud tarixi mənbə kimi” (N.N.Abbasov), “ABŞ tarixinin mənbəşünaslığı”( A.C.Xəlilzadə, S.Ə.Allahverdiyeva), “ Tarixin tədrisində muzeylərin rolu”( A.C.Xəlilzadə , T.D.Həsənzadə) , “Arxивоведение” (A.C.Xəlilzadə , M.S.Məmmədova), “Tarix və onun metodologiyası” ( A.C.İsgəndərov, A.B.Məmmədov) və digər əsərlərdə əks olunmuşdur.

Kafedra əməkdaşları Türkiyə Respublikasının İstanbul Dövlət Universiteti, Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Respublikamızın müxtəlif Universitetləri - Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti və s. ilə elmi əlaqələr saxlayırlar.

Fakültənin bakalavr və magistratura pillələrində kafedra üzrə tədris olunan fənlərlə bağlı 40-dək proqram nəşr edilmişdir. Kafedra bakalavr pilləsində 18, magistr pil­ləsində 17 fənni tədris edir.

Hər il kafedrada, Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı və Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisasları üzrə 10-dan artıq magistrant dissertasiya müdafiə edərək magistr dərəcəsinə yiyələnir. Kafedra müəllimləri tərəfindən ənənəvi olaraq, Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı, Tarixin tədrisi metodikası üzrə icmal mühazirələr oxunur. Kafedrada son illər ərzində 10-dək metodik vəsait, dərs vəsaiti və  dərslik, 40-dək proqram, 500-dək elmi məqalə və tezis dərc edilmişdir.

Kafedra əməkdaşları 100-dən çox Beynəlxalq və Respublika Elmi konfranslarında, simpozium və elmi seminarlarda iştirak etmişdir.

Kafedra müdiri professor Anar İsgəndərov Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin Baş Nazirinin qol saatı və "Altun" medalı, Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı", Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə III dərəcəli "Vətənə xidmətə görə" ordeni,  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Eyni zamanda, kafedra əməkdaşlarından dosent Səidə Əli qızı, dosent Sevinc Qasımova, böyük laborant Kəmalə Məmmədova “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı  ilə təltif edilmişlər.

Kafedra Qafqaz Müsəlmanları Ruhani İdarəsi ilə birgə 2018-ci il 21-23 may tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar  “Azərbaycan Xalq Cümhuriyyəti 100 - Müsəlman Şərqində ilk parlamentli Respublika” mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir.

2021-ci il 17-19 noyabr tarixlərində kafedra fakültə əməkdaşları ilə birgə “Müstəqilliyin 30 illiyi: Tarixşünaslıq və mənbəşünaslıq elminin uğurları və perspektivləri” mövzusunda Respublika elmi konfransı təşkil etmiş və 2022-ci ildə həmin konfrans materiallarını dərc etdirmişdir.  

Kafedra əməkdaşları Fakültədə təşkil edilən Elmi seminarlarda iştirak edir və maraqlı məruzələrlə çıxış edirlər. Kafedra müdiri professor Anar İsgəndərov 14 mart 2022-ci il tarixində fakültədə təşkil edilən 1918-ci il mart soyqırımına həsr edilmiş Elmi seminarda “31 mart soyqırımının mənbəşünaslığı” mövzusunda maraqlı məruzə ilə çıxış etmişdir.

Kafedrada bakalavr pilləsində “Mənbəşünaslıq”, “Tarixşünaslıq”, “ABŞ tarixinin mənbəşünaslığı”, “ABŞ tarixinin tarixşünaslığı”, “Tarixi tədqiqatlarda riyazi metodlar”, “Tarix təliminin müasir innovativ texnologiyaları”, “Arxivşünaslıq”. “Muzey və arxiv mənbəşünaslığı”, “Qafqaz tarixinin mənbəşünaslığı” , “ Qafqaz tarixinin mənbəşünaslığı”, “Tarixin tədrisi metodikası” , “Tarixi coğrafiya”, “Tarixi demoqrafiya” fənləri , magistratura pilləsində “ Tarix elminin müasir problemləri”, “Tarix elminin tarixi və metodologiyası”, “Tarix və onun metodologiyası”, “Azərbaycanın ictimai-siyasi fikir tarixində milli dövlətçilik məfkurəsi”, “Tarixin tədrisində muzeylərin rolu”, “Orxon-Yenisey abidələri türk tarixini öyrənmək üçün mənbə kimi”, “Mirzə Kazım bəyin tarixi görüşləri”, “Kitabi Dədə Qorqud eposu Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi”, “XIX əsrdə Azərbaycanda tarixi fikrin yaranması”, “Azərbaycanda milli , demokratik və inqilabi hərəkatlar” , “Mənbəşünaslığın və tarixşünaslığın müasir problemləri” , “Tarix və onun tədqiqat üsulları”, “ Tarixin tədrisi üsulları və istiqamətləri”, “Azərbaycan Respublikasında təhsil islahatı və Boloniya sistemi” , “A.A.Bakıxanov Azərbaycan tarixşünaslığının banisi kimi” fənləri tədris olunur.

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası təhsilin magistratura pilləsində “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” və “Tarix fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşmaları, doktorantura pilləsində 5509.01-“ Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları”, 5508.01- “Tarixi coğrafiya” ixtisası fəlsəfə və elmlər doktoru proqramı üzrə yüksək ixtisaslı kadr hazırlığını həyata keçirir.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət