DİSSERTASİYANIN TƏRTİBATI

Magistr dissertasiya işi aşağıda göstərilən ardıcıllıqla tərtib edilməlidir:

  • üz vərəqi;
  • mündəricat;
  • ixtisarların siyahısı (dissertasiyada varsa);
  • giriş;
  • əsas hissə (dissertasiyasının məzmunu, fəsillər üzrə);
  • nəticə;
  • istifadə edilmiş ədəbiyyat;
  • əlavələr;
  • xülasə (rus, ingilis dilində).

Üz vərəqi. Dissertasiya işinin ilk səhifəsi kimi müəyyən olunmuş qaydada tərtib olunmalıdır.(Nümunə əlavələrdə verilir)

Mündəricat. Dissertasiya işinin strukturunun bütün fəsilləri, yarımfəsilləri və bəndlərinin başlıqlarının dissertasiyanın hansı səhifəsindən başlandığı göstərilməlidir.

Giriş hissəsində mövzunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri, tədqiqatın obyekti və metodikası, tədqiqatın yeniliyi, təcrübi əhəmiyyəti, işin strukturu və aprobasiyası haqqında  məlumatlar verilməlidir.

I fəsildə ədəbiyyat xülasəsi, qoyulmuş problemin mövzu üzrə ədəbiyyat məlumatlarında öz əksini tapmış nəzəri, təcrübi və metodoloji aspektlərlə təhlili əsaslandırılmaqla verilməlidir.

II fəsildə tədqiqatın obyekti və metodları göstərilməlidir.

Növbəti  fəsillər qoyulmuş problemin konkret məsələlərinə həsr edilir. Bu fəsillərdə  aparılan tədqiqatın təhlili, müqayisəli qiymətləndirmə və əsaslandırılmış müqayisəli müzakirələr və onların nəticələrinin şərhi təqdim olunur.

Dissertasiya işinin yazılışı zamanı mövzuya uyğun olaraq iş III -V fəsildən ibarət ola bilər.

Nəticə bölməsində tədqiqat işində aparılan müzakirə və təhlillərin yekunu və konkret nəticələrin şərhi verilməlidir.

Dissertasiya işində təklif və tövsiyələr də verilə bilər. Bu zaman irəli sürülən təklif qoyulmuş problemin ardıcıl və konkret həllini cavablandırmalıdır.

İstifadə edilmiş ədəbiyyat siyahısı dissertasiya işini yazarkən mövzu üzrə istinad olunan mövcud ədəbiyyat mənbələrinin siyahısının tərtib edilməsidir. Dissertasiya işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb v. s ) əlifba sırası ilə və ərəb rəqəmləri ilə ardıcıl nömrələnərək siyahıda göstərilir.

Əlavə, dissertasiya işinin məzmununa əsasən əsas məzmuna daxil edilməyən məlumat materiallarıdır. Əlavələr dissertasiya işinin ümumi həcminin 15 %-dən artıq olmamalıdır.

Xülasə, dissertasiya işinin qısa məzmununu əks etdirir. İş Azərbaycan dilində yazılmışsa xülasə rus (резюме), ingilis dillərində (summary), rus dilində yazılmışsa, azərbaycan və ingilis dillərində ayrıca səhifədə bir vərəq həcmindən çox olmamaqla yazılır.

Dissertasiyanın mətni kompyüterdə yığılaraq azərbaycan dilində Az-Times Lat-14, Times New Roman – 14 şrifti ilə; rus və ingilis dilində Times New Roman–14 şrifti ilə çap olunur. Cap A4 formatlı ağ kağızın bir üzündə mətni sol–30 mm, sağ–10 mm, yuxarıdan və aşağıdan–20 mm boş sahələrin ölçülərini gözlənilməklə, sətirdəki işarələrin sayı 60-65-dən az olmamaqla, səhifədə sətirlərin sayı 29-31 olmaqla çap edilir. Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqla olmalıdır. Əlavə mətnin sıxlığı əsas mətnin sıxlığına yaxın olmalıdır. Dissertasiya işinin  həcmi 50 səhifədən az 75 səhifədən çox olmamalidır.

Dissertasiyanın əsas mətni fəsil, yarımfəsil və bəndlərə bölünür. Fəsillərin başlıqları mətnə simmetrik şəkildə, böyük hərflərlə, yarımfəsillərin başlıqları isə abzasdan başlayaraq şərti hərflərlə yazılmalıdır (birinci baş hərf istisna olmaqla). Başlıqların yazılışında sözlər sətirdən sətrə keçirilməməli, başlığın sonunda nöqtə qoyulmamalıdır. Əgər başlıq iki cümlədən ibarətdirsə onları nöqtə qoymaqla bir-birindən ayırmaq lazımdır.

«MÜNDƏRİCAT», «GİRİŞ», «NƏTİCƏ», «İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT», «ƏLAVƏLƏR» sözləri dissertasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir. Fəsil, yarımfəsil arasındakı, eləcə də başlıq və mətnin (bəndin) arasındakı məsafə 2 interval olmalıdır. Başlığın altından xətt çəkmək olmaz. Hər fəsil yeni səhifədən başlanmalıdır. Dissertasiyanın səhifələri ərəb rəqəmləri ilə nömrələnir. Dissertasiyanın səhifələri nömrələnərkən üz vərəqi də nəzərə alınır. Üz vərəqində nömrə çap edilmir, ondan sonra gələn səhifədə «2» rəqəmi, sonrakı səhifələrdə isə ardıcıl nömrələr səhifənin yuxarı sağ küncündə çap edilir. Səhifələr (əlavələr, arayışlar, aktlar və s. daxil olmaqla) ardıcıl olaraq nömrələnir.

Fəsillər rum rəqəmləri ilə ardıcıl olaraq nömrələnir. (məsələn: I FƏSİL). Mündəricat, giriş və nəticəyə nömrə qoyulmur. Yarımfəslin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və yarımfəslin nömrələrindən ibarətdir. Yarımfəslin sonunda nöqtə işarəsi qoyulur, məsələn: 3.2. (üçüncü fəslin ikinci yarımfəsli). Yarımfəslin daxilində bəndlər olduqda onlar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir, məsələn: 3.2.1. (üçüncü fəslin ikinci yarımfəslinin birinci bəndi).

Ayrıca səhifədə yerləşən illüstrasiyalar da (cədvəllər, çertyojlar, sxemlər, qrafiklər) dissertasiyanın səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan cədvəllər, şəkillər, çertyojlar bir səhifə kimi qəbul edilir və dissertasiyanın sonunda nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir. Dissertasiyanın mətni və cədvəllərə arayış aydınlaşdırıcı xarakter daşıyan qeydlər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir.

Dissertasiya işində istifadə olunmuş mənbələr əlifba siyahısı ilə yazılmalı və ardıcıl nömrələnməli, siyahıda çap olunduqları dildə göstərilməlidir. İstifadə edilmiş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir. İstifadə olunan mənbənin biblioqrafik təsviri onun növündən asılı olaraq verilməlidir. Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya müəlliflərin soyadı və inisialları ilə verilir. Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitablar (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə verilir.

Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur: 1-ci hissədə məqalə haqqında məlumat, 2-ci hissədə məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat olur. Bu hissələr bir-birindən qoşa çərəki xətlə – «//» ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir, dörddən çox müəllifi olan məqalələrdə ixtisar olaraq, ilk üç müəlliflərin soyadları və inisialları verilir.

Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbələrin biblioqrafik təsviri də iki hissədən ibarət olur. Onlar isə bir-birindən bir çərəki xətlə – «/» ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur.

Dissertasiyaya istinad edilərkən, əvvəlcə müəllifin soyadı, inisialları, dissertasiyanın adı verilir, iki nöqtədən sonra isə iddia olunan alimlik dərəcəsi, şəhər, nəşr ili və həcmi göstərilir. Dissertasiyanın avtoreferatında da eyni qaydalarla istinad edilir, yalnız «avtoreferat» sözü əlavə edilir.

Dissertasiya səhifələrində mətnaltı istinadlar məqsədəuyğun deyildir.

Dissertasiya işində rəqəmli materiallar adətən cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı olmalıdır. «Cədvəl» sözü ilə başlıq böyük hərflə başlanmalıdır. Başlığın altından xətt çəkilməməlidir. Cədvəllər və şəkillər və A3 (297x420 mm) formatda da yerinə yetirilə bilər. Dissertasiya işində cədvəlin və şəkillərin sayı birdən artıq olarsa o nömrələnməlidir. Fəsillər daxilində cədvəllər ardıcıl olaraq fəslin nömrəsinə uyğun ərəb rəqəmləri ilə nömrələnir (məsələn, cədvəl 3.2).

Magistr dissertasiya işinə referatın tərtib edilməsi. Magistrant magistr dissertasiyasını müdafiə etmək üçün 2 vərəq həcmində dissertasiya işinin məzmununu tam əks etdirən yığcam icmal şəklində referat hazırlamalıdır. Referatda mövzunun aktuallığı, işin məqsədi və qarşıya qoyulan vəzifələri, yeniliyi, təcrübi əhəmiyyəti, dissertasiya işinin fəsillər üzrə qısa məzmunu, nəticələri, işin strukturu, aprobasiyası, təklif və tövsiyələr öz əksini tapmalıdır. Referat dissertasiyanın yazıldığı dildə olmalıdır. Müstəsna hallarda referat dissertasiyaya yazılan dildən (ingilis, alman)  fərqli dildə də yazıla bilər.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət