“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.
2024-cü il dekabrın 19-20-də Bakı Dövlət Universitetində “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.
Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr edilmiş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda Vətən müharibəsindən sonra tarixi-demoqrafik proseslərin daha dərindən araşdırılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi, gənc tədqiqatçıların elmi araşdırmalara cəlb edilməsi və əldə edilən elmi nəticələrin beynəlxalq səviyyədə müzakirə edilməsi nəzərdə tutulur.
Konfrans Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcəkdir.
Konfransa professor-müəllim heyəti, elmi işçilər, magistrlar, doktorant və dissertantlar dəvət edilir. Konfransda dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.
Konfransın hibrid qaydada keçirilməsi nəzərdə tutulur.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 30 sentyabr 2024
Konfransın keçirilmə tarixi - 19-20 dekabr 2024
Konfransın mövzuları:
- XIX-XXI əsrin ilk onilliklərində Azərbaycanın ərazi və əhali məsələləri
- Qərbi Azərbaycanda etno-siyasi və demoqrafik proseslər. Qərbi Azərbaycana qayıdış konsepsiyası
- Dünya Azərbaycanlılarının diaspora fəaliyyəti: problemlər və perspektivlər
- Azərbaycan dövlətləri: dövlətçilik tarixinə yeni baxışlar
- Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ. Azərbaycan Xalq Cümhuriyyəti
- Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış
- Azərbaycanın mühacirət tarixi
- Qarabağın azad edilməsi uğrunda 2020-ci il Vətən müharibəsi. Böyük Qayıdış proqramı və tikinti-quruculuq işlərinin həyata keçirilməsi
- Müstəqil Azərbaycan Respublikasında milli-dövlət quruculuğu məsələləri
- Azərbaycanın maddi və qeyri-maddi mədəni irsi
- Bakı Dövlət Universiteti – 105. Universitetin və Tarix fakültəsinin keçdiyi yol.
Konfransda iştirak şərtləri:
- Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
- Konfransın əsas işçi dili Azərbaycan dilidir, lakin məruzələr digər türk dilləri, ingilis və rus dillərində də dinləniləcəkdir.
- Tezislər Azərbaycan dili, türk dilləri, ingilis və rus dillərində qəbul ediləcək (ingilis dilində tərcüməsi ilə birlikdə; ingilis dilində olan məruzələr üçün Azərbaycan dilində tərcüməsi ilə birlikdə).
- Plagiat aşkarlanan tezislər qəbul edilməyəcəkdir.
- Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.
- Məlumatların səhihliyinə və araşdırmanın orginallığına görə müəllif məsuliyyət daşıyır.
- Təşkilat Komitəsinin qoyduğu tələblərə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
- Konfransda məruzə etməyənlərin tezisləri dərc edilməyəcəkdir.
- Xarici ölkələrdən və regionlardan olan məruzəçilərin onlayn iştirakı nəzərdə tutulur.
- Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, Word faylında, fayla müəllifin soyadı verilərək göndərilməlidir.
- Xaricdən gələn iştirakçıların xərcləri göndərən tərəfə aiddir.
- Tezislər Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının ([email protected]) elektron ünvanına göndərilməlidir.
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Tezis ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Əlaqə: [email protected]; +994125370461
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələr üzrə) kafedrası; Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyası: III korpus, 904-cü otaq
NÜMUNƏ
MƏRUZƏNİN ADI 3 SƏTİRDƏN ÇOX OLMAMALI, KONKRET VƏ AYDIN OLMALIDIR
Müəllifin Adı və Soyadı açıq şəkildə yazılmalıdır.
Müəllifin çalışdığı müəssisənin (təşkilatın) adı, vəzifəsi və elmi dərəcəsi göstərilməlidir.
______@_____
Açar sözlər: məruzənin adına və məzmununa uyğun 5-6 əsas anlayış
Tezisin mətni ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
Hər 2 dildə olan tezis bir-birinin eyni olmalı və tezisin məzmununa uyğun olmalıdır.
Ədəbiyyat siyahısı
- Azərbaycan Respublikası MDTA: f.44, siy.2, iş 26, vv.3-5.
- Azərbaycan tarixi. 7 cilddə, IV c.. Bakı: Elm, 2000, 456 s.
- Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s.
- Məmmədov M.A. Faciə janrının tədqiqi. «Ədəbiyyat və incəsənət» qəz., Bakı, 1966, 14 may.
- Məmmədova G.H. Azərbaycan memarlığının inkişafında Heydər Əliyevin rolu / Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransının materialları. Bakı: Nurlan, 2003, s.3-10.
- Şuşa şəhəri işğaldan azad edildi! // https://beu.edu.az/az/article/susa-seheri-isgaldan-azad-edildi-540. İstinad tarixi: 20.12.2020