Tarix fakültəsində “Elm günü”nə həsr olunmuş “Türk dünyasında elm günü” mövzusunda dəyirmi masa keçirilib
-lg.jpg)
Martın 6-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Elm günü”nə həsr olunmuş “Türk dünyasında elm günü” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanın mövzusunun aktuallığı və əhəmiyyəti haqqında məlumat verən Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, bu gün tarix elmi inkişafının ən maraqlı mərhələlərindən birini yaşayır. Son onilliklərdə yalnız tədqiqat mövzuları deyil, həm də tarixi düşüncənin mahiyyəti, tarixçinin istifadə etdiyi metodlar və tarixi biliklərin təqdim olunma formaları dəyişməkdədir. Tarix artıq yalnız siyasi hadisələrin və hökmdarların fəaliyyətinin təsviri ilə məhdudlaşmır, o, insanı, cəmiyyəti, mədəniyyəti, mentaliteti və tarixi təcrübənin müxtəlif formalarını araşdıran mürəkkəb, çoxşaxəli elmi sahəyə çevrilir.
Dəyirmi masada AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın həqiqi üzvü Nərgiz Axundovanın məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, XXI əsrdə tarix elmi qloballaşma, rəqəmsallaşma və beynəlxalq elmi əlaqələrin genişlənməsi şəraitində inkişaf edir. Əgər XIX əsrdə tarix əsasən dövlətlərin siyasi tarixini araşdıran bir elm sahəsi kimi formalaşmışdısa, bu gün onun mövzu dairəsi xeyli genişlənmişdir. Müasir tarixçilər getdikcə daha çox aşağıdakı məsələləri araşdırırlar: cəmiyyətin gündəlik həyatı, mədəni praktikalar sivilizasiyalararası əlaqələr, sosial yaddaşı, identiklik, ekoloji tarix və s. Beləliklə, tarix getdikcə zaman daxilində insan təcrübəsini öyrənən elmə çevrilir. Müasir tarix elminin mühüm xüsusiyyətlərindən biri də milli tarix çərçivələrindən çıxaraq daha geniş yanaşmaların formalaşmasıdır. Bu kontekstdə aşağıdakı anlayışlar geniş yayılmışdır: qlobal tarix, transmillli tarixi, sivilizasiyalararası qarşılıqlı təsir tarixi. Bu yanaşma ayrı-ayrı ölkələrin tarixini daha geniş tarixi proseslərin tərkib hissəsi kimi araşdırmağa imkan verir. Azərbaycan üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan tarixi əsrlər boyu müxtəlif sivilizasiyaların - türk, iran, ərəb, Bizans və Avropa dünyalarının kəsişməsində formalaşmışdır.
Dəyirmi masada Azərbaycan tarixinin tədqiqində yeni istiqamətlər, dövlətçilik tarixi, İslam sivilizasiyası kontekstində Azərbaycan, Azərbaycan tarix elminin qarşısında duran vəzifələr və digər məsələlər ətrafında müzakirələr aparılıb və bildirilib ki, bu gün Azərbaycan tarix elmi tədricən dünya elmi mühitinə inteqrasiya olunur. Azərbaycan tarixi Avrasiya məkanının və İslam dünyasının mühüm hissəsidir və bu baxımdan beynəlxalq tədqiqatlar üçün böyük potensiala malikdir. Müasir tarix elmi böyük dəyişikliklər mərhələsindədir. O, daha çox fənlərarası xarakter daşıyır, qlobal yanaşmalar tətbiq edir və insan cəmiyyətinin müxtəlif tərəflərini öyrənir. Azərbaycan tarix elmi zəngin ənənələrə və güclü mənbə bazasına malikdir və bu proseslərdə fəal iştirak etmək imkanına sahibdir. Azərbaycan tarixçilərinin qarşısında duran əsas vəzifə milli tarix irsini qorumaqla yanaşı, onu dünya tarixinin geniş kontekstində təqdim etməkdir. Bu yanaşma Azərbaycanın Avrasiya və İslam dünyası tarixində tutduğu mühüm mövqeni daha aydın şəkildə göstərməyə imkan verəcəkdir.
Fakültənin professor-müəllim heyətinin iştirakı ilə iki saata yaxın davam edən dəyirmi masa maraqlı müzakirələrlə yadda qalıb.