HEYDƏR ƏLİYEVİN ƏSƏRLƏRİ AZƏRBAYCAN TARİXİNİ ÖYRƏNMƏK ÜÇÜN MƏNBƏ KİMİ
29 sentyabr 2023-cü ildə saat 15:30-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının "Heydər Əliyevin əsərləri Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi" mövzusunda elmi seminarı keçirilmişdir.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova tədbir iştirakçılarına elmi seminarın mövzusunun aktuallığından danışaraq qeyd etdi ki, 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilidir. Bu çox mühüm hadisə ilə bağlı Tarix fakültəsində respublika və beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, ustad dərsləri, tələbələr arasında inşa yarışları təşkil olunur. Bugünkü elmi seminarımız da Ümummilli Liderin misilsiz həyat və faəliyyətinə, Azərbaycan xalqı qarşısında unudulmaz xidmətlərinə həsr edilmişdir.
Elmi seminarda Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, t.e.d., professor Anar İsgəndərov çox məzmunlu çıxış etdi. O, çıxışında 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəsi Komitəsinin birinci katibi seçildiyini qeyd etdi. Heydər Əliyevin ixtisasca tarixçi olduğunu və hakimiyyətdə olduğu illərdə həm tarix yaratdı, həm də onun fəaliyyəti ilə bağlı tarix yazılır və yazılacağını bildirdi.
Professor Anar İsgəndərov daha sonra Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin 50 illik yubileyində (1969-cu il) rəsmi nitqini Azərbaycan dilində başlamasının bu dövrdə Mərkəzdə qəbul olunmayan bir hadisə olduğunu bildirdi. O, Heydər Əliyevin Bakıda Naxçıvanski adına hərbi məktəbin açılması üçün uzun müddət mübarizə apardığını və 1971-ci ildə istəyinə nail olduğunu dedi. Bu məktəb Azərbaycanda milli zabit heyətinin əsasını qoydu, sonralar Qarabağ müharibəsində həmin məktəbin müdavimlərinin qəhrəmanlığı dillər əzbəri oldu. Heydər Əliyev Azərbaycanda ali məktəblərin sayını artırdı, hər il minlərlə Azərbaycan gəncini SSRİ-nin ən nufuzlu ali məktəblərinə göndərməyin əsasını qoydu. Heydər Əliyev 70 ildən artıq mövcud olan Sovet dövlətini idarə edən yeganə türk-müsəlman olmuşdur. Heydər Əliyev bu gün öz sıralarında 800 min üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Bu partiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxardı.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində silsilə tədbirlərin həyata keçirildiyi Tarix fakültəsində iki saata yaxın davam edən elmi seminar müəllimlər, doktorantlar, magistrant və tələbələrin iştirakı ilə izdihamla keçirildi, tələbə - müəllim heyəti professor Anar İsgəndərovun Azərbaycan xalqının müdrik lideri və dahi şəxsiyyəti Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş və məzmunlu məruzəsini dərin maraqla dinlədilər.