BDU-105
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar BDU-nun fakültələrinin təqdimatlarına başlanılıb. Bu silsilədə ilk təqdimat Tarix fakültəsinin “105 illik zəngin ənənələrə malik Tarix fakültəsi” adlı tədbiri olub. Tədbirdə çıxış edən rektor Elçin Babayev Universitetin 105 illik yubileyi çərçivəsində həyata keçirilən bu layihənin ilk görüşünün Tarix fakültəsi ilə keçirilməsinin təsadüfi olmadığını qeyd edib. O bildirib ki, 1919-cu il 1 sentyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Bakı Dövlət Universitetinin yaradılması haqqında tarixi qərar qəbul edib: “BDU-nun tarixini bilmək hər birimizin müqəddəs borcudur. BDU-nun ilk fakültələri Tarix-filologiya və Tibb fakültələri olub. Tarix və Filologiya fakültələri Universitetin həmyaşıdıdır. Bu mənada Tarix fakültəsinin BDU-nun tarixində özünəməxsus yeri var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz bu fakültənin məzunudur. Biz hamımız bununla fəxr edirik. BDU-nun fəaliyyəti boyu professor-müəllim heyəti, məzunları, hətta burada oxuyub, buranı bitirməyən şəxslər də Universitetimizin tarixinə öz adlarını yazıblar. Tarix fakültəsi hər zaman ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvələrdən olub. Bu gün fakültə özünün şərəfli missiyasını yenə yerinə yetirir. Bütün dövrlərdə olduğu kimi, bu gün də tarixçilərin üzərində xüsusi əlamətdar vəzifə var və bu, çox önəmlidir. Çünki ölkəmizin tam suverenliyinin təmin olunması, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərdiyi misilsiz qəhrəmanlığı, tarixi Zəfəri öyrənmək, öyrətmək kimi müqəddəs missiyanı icra edirsiniz. Hazırda isə ölkəmizin bütün istiqamətlərdə inkişafı tarix salnaməmizin qızıl səhifələrindən biridir. Belə bir vəziyyətdə gələcək nəsillərə bu tarixi çatdırmaq, aşılamaq bugünkü gənc tarixçilərin üzərinə düşən ən böyük vəzifədir”. Rektor diqqətə çatdırıb ki, bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan 4 tələbə Tarix fakültəsini, onlardan 3-ü isə “Tarix müəllimliyi” ixtisasını seçib. Bu, həmin ixtisasa olan böyük marağın göstəricisidir. Tarix fakültəsini fərqləndirən və məşhurlaşdıran ixtisaslardan biri də “Regionşünaslıq” ixtisasıdır. Burada Amerikadan tutmuş Qafqaza qədər bütün regionların tarixi dərindən öyrənilir. Fakültədə Qafqaz xalqları tarixi, Türk xalqları tarixi kafedraları da daxil olmaqla 10 kafedra, 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Sonra Tarix fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan BDU-nun 105 illik şərəfli tarixindən söz açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universiteti bu gün ölkə təhsilinin flaqmanı kimi öz sözünü deyir. 1919-1920-ci illərdə 13 professor, 5 dosent, 6 müəllim, 509 tələbə, 95 azad dinləyici ilə fəaliyyətə başlayan Tarix fakültəsində hazırda 20 professor, 50-dən çox dosent, 10 baş müəllim, 6 müəllim çalışır, 2200-dən çox tələbə təhsil alır. Minlərlə dövlət və ictimai-siyasi xadim yetişdirmiş Tarix fakültəsinin fəaliyyət göstərdiyi ilk illərdə dünya şöhrətli alim və akademiklər: Vasili Bartold, Nikolay Maar, Əziz Qubaydulin, Bəkir Çobanzadə, İsaq Cəfərzadə və b. dərs deyib. Bu gün fakültə müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qoşulması ilə bağlı yorulmaz fəaliyyət nümayiş etdirir. Şanlı qələbədən sonra yaranan yeni reallıqlar hərtərəfli araşdırılır və tədris olunur. Daha sonra BDU-nun rektoru Elçin Babayev fakültə tələbələrinin suallarını cavablandırıb. BDU-nun Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev, “Dünya Azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, dosent Səidə Quliyeva və III kurs tələbəsi Gülarə Mehdizadə Tarix fakültəsinin ölkəmizin həyatında oynadığı roldan, dövrün tələblərinə uyğun aparılan tədris, elmi fəaliyyətindən danışıblar. Qeyd ediblər ki, 105 illik elm və təhsil məbədinin təməl daşlarından olan Tarix fakültəsi daim ölkəmiz üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərib və bu müqəddəs missiyanı bundan sonra da davam etdirəcək.