Tarix fakültəsinin tələbələri Universitetdə təhsil aldıqları müddətdə elmi biliklərə yiyələnməklə, öz şəxsi bacarıq və qabiliyyətlərini genişləndirməklə yanaşı asudə vaxtlarını da səmərəli və yaddaqalan keçirirlər. Belə ki, tələbələr asudə vaxtlarının bir hissəsini Bakı Dövlət Universitetinin Elmi kitabxanasında tarixi və bədii kitablar oxumaqla, həmçinin universitetdə fəaliyyət göstərən müvafiq struktur bölmələr və tələbə təşkilatları tərəfindən təşkil edilən tədbir və təlimlərdə yaxından iştirak etməklə keçirirlər. Tarix fakültəsinin tələbələrinin respublikanın ictimai-siyasi, sosial-mədəni və iqtisadi həyatında fəal iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər, layihələr, təlim və seminarlar, intellektual yarışlar, milli-mənəvi və tarixi dəyərlərimizin təbliği istiqamətində ustad mühazirələri və digər tədbirlər təşkil edilir. Həmçinin “Tarix fakültəsinin tanınmış məzunları” layihəsi çərçivəsində müxtəlif vaxtlarda fakültənin məzunları olmuş, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan millət vəkilləri, təşkilat və qurum rəhbərləri, ictimai xadimlərlə tələbələrin görüşləri keçirilir. “Tariximiz və Dəyərlimiz” layihəsi çərçivəsində isə fakültənin qocaman professor və müəllimləri ilə tələbələrin görüşləri təşkil edilir. Hazırda fakültədə Tələbə Həmkarlar İttifaqı komitəsi, Tələbə Gənclər Təşkilatı, BDU Könüllüləri və Elmi Cəmiyyəti fəaliyyət göstərir… Fakültənin futbol, futzal və basketbol üzrə komandaları mütəmadi olaraq universitetdə təşkil edilən yarışlarda uğurla iştirak edirlər. Tələbər fakültənin idarə olunmasında, ictimai işlərdə, sosial layihələrdə iştirak edirlər. Tələbə təşkilatlarının nümayəndələri Fakültə Elmi Şurasının tamhüquqlu üzvləri kimi fakültədə idarəetmə, elm və təhsil üzrə qərarların müzakirəsi və qəbul olunmasında öz mövqelərini göstərirlər. İdman komandaları ilə yanaşı, elmi-intellektual platformalarda təmsil olunan tələbələrimiz “BDU Debat klubu” nun fəaliyyətində öz töhfəsini verir və “Nə? Harada? Nə zaman?” yarışlarında da əsas iştirakçı tərəflərdəndi.