Musa Qasımlı Cəfər oğlu 28 oktyabr 1957-ci ildə anadan olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və Yardımlı rayonunda müəllim işləmişdir. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspiranturasında təhsil almışdır. 1986-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, Tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. Hazırda BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin, Türkiyə, Kanada, Braziliya, Peru, Danimarka, Malta, Estoniya, Bosniya-Hersoqovina parlamentləri ilə dostluq qruplarının üzvüdür. Azərbaycan Respublikası Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azərbaycan tarixinin bir sıra öyrənilməmiş problemlərinin – Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918), Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər (1920-1945), Azərbaycan-Türkiyə, Azərbaycanın xarici dövlətlərlə diplomatik-siyasi münasibətləri (1920-1922), Cənubi Qafqaz Rusiya, Türkiyə və Antanta arasında (1920-1924), SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri (1960-1991), Azərbaycanın beynəlxalq mədəni əlaqələri (1946-1991) və başqa araşdırmalar onun adı ilə bağlıdır. ABŞ-da fəaliyyət göstərən Orta Şərq Araşdırmaları Assosiasiyasının (Arizona Universiteti), Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (Harvard Universiteti), Turan SAM, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin (Türkiyə) üzvü, Ukraynadakı Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür (Kiyev). “Rumıniya Avrasiya araşdırmaları” (Rumıniya), “Qafqaz və Mərkəzi Asiya araşdırmaları”, “Turan SAM”, “Türk bilimi” (Türkiyə) və “Гафгаз и мир” (Gürcüstan) elmi jurnallarının Redaksiya Heyətinin üzvüdür. Hazırda BDU-da fəaliyyət göstərən ED 2.20 Dissertasiya Şurasının üzvüdür. Azərbaycan Respublikası Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının üzvüdür. “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Rəhbərliyi ilə 14 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-cü ildən AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur.
MUSA CƏFƏR OĞLU QASIMLI
MUSA CƏFƏR OĞLU QASIMLI
AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor