Məmmədəmin Adil oğlu Qaziyev 1914-cu il noyabrın 12-də İrəvan şəhərində anadan olmuşdur. M.Qazıyev 1930-cu ildə Bakıda orta məktəbi bitirdikdən sonra Bakı şəhər Arxiv idarəsində şöbə müdiri vəzifəsində işləməyə başlamışdır. 1933-1934-cu illərdə M.N.Pokrovski adına Moskva Tarix-Arxiv İnstitutunda təhsil almışdır. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra Azərbaycan tarixi kafedrasında saxlanılmışdır. 1937-ci ildən elmi məqalələrlə çıxış etməyə başlamışdır. M.Qazıyev II Dünya müharibəsi illərində geniş elmi və təbliğat işi aparmışdır. 1943-1944-cu illərdə M.Qazıyev Partiya Tarixi İnstitutunun Böyük Vətən müharibəsi şöbəsinə rəhbərlik etmişdir. Şöbə Azərbaycan xalqının Böyük Vətən müharibəsində iştirakına dair sənədləri yığıb sistemə salmaqla məşğul olmuşdur. 1944-cu ildə M.Qazıyev Moskvaya, SSRİ Xalq Xarici İşlər Komissarlığı nəzdindəki diplomatiya işçiləri kursuna göndərilmişdir. Kursu bitirdikdən sonra Azərbaycan SSR Xalq Xarici İşlər Komissarının köməkçisi vəzifəsinə təyin olunmuşdur. M.Qazıyev 1945-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1946-cı ildə dosent elmi adı almışdır. O, doktorluq dissertasiyasını 1960-cı ildə Tbilisi Dövlət Universitetində müdafiə etmiş və 1961-ci ildə ona professor elmi adı verilmişdir. 1961-ci ilin aprelindən 1962-ci ilin mayına qədər M.Qazıyev Azərbaycan KP MK Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işləmiş, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1962-ci ilin mayından yenidən pedaqoji və elmi işə qayıdan M.Qazıyev ADU-nun Azərbaycan tarixi kafedrasında professor vəzifəsində çalışmışdır. 1970-1977-ci illərdə ADU-nun Tarix fakültəsinin dekanı vəzifəsində işləmişdir. O, Daşkənd, Lvov, Tbilisi, Riqa, Moskva, Ujqorod və başqa şəhərlərdə keçirilən elmi konfranslarda məruzə və məlumatlarla çıxış etmişdir. Elmi və pedaqoji fəaliyyəti illərində M.Qazıyev elmi kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. O, 60-dan artıq namizədlik və doktorluq dissertasiyasına rəhbərlik etmiş, opponenti olmuşdur. M.Qazıyev Azərbaycan tarixinin müxtəlif məsələlərinə, dövlətin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinə dair 350-dən artıq elmi məqalə, kitabça, kitab və monoqrafiyaların müəllifi olmuşdur. 1980-ci ildə M.Qazıyev Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1982-ci ildə Respublikanın Əməkdar Elm xadimi fəxri adlarına layiq görülmüşdür.
MƏMMƏDƏMİN ADİL OĞLU QAZIYEV (1914-1982)
MƏMMƏDƏMİN ADİL OĞLU QAZIYEV (1914-1982)
Əməkdar Elm xadimi, Tarix fakültəsinin dekanı (1970-1977)