İsmayıl Abbas oğlu Hüseynov 1931-ci ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. 1933-1936-cı illərdə Moskvada Millətlər İnstitutunun aspiranturasında oxumuşdur. 1934-cü ilin yanvarından – 1941-ci ilin martına qədər SSRİ XKS-də redaktor-tərcüməçi, SSRİ EA-nın Maddi Mədəniyyət İnstitutunda elmi əməkdaş, V.İ.Lenin adına Ümumittifaq Dövlət Kitabxanasında elmi-məsləhətçi, SSRİ EA-nın Tarix İnstitutunun elmi işçisi vəzifələrində çalışmışdır. 30-cu illərdə ədəbi yaradıcılıqla da məşğul olmuş, bir neçə şeir kitabı nəşr etdirmişdir. 1941-ci ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Bakıya qayıdan İ.Hüseynov 1941-1942-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Tarix İnstitutunun direktoru işləmişdir. 1942-1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmiş və hərbi qəzet redaktorunun müavini olmuşdur. Doktorluq dissertasiyasını 1947-ci ildə Moskvada müdafiə etmişdir. O, tarix elmləri doktoru adını almış ilk azərbaycanlı olmuşdur. İ.Hüseynov 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1958-ci ildə həqiqi üzvü seçilmiş, 1969-cu ildə Azərbaycan SSR Əməkdar Elm xadimi fəxri adına layiq görülmüşdür. 1944-1958-ci illərdə Azərbaycan KP MK yanında Partiya tarixi İnstitutunda direktor müavini, 1958-1960-cı illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, ADU-da kafedra müdiri, prorektor vəzifələrində işləmişdir. 1960-1968-ci illərdə Azərbaycan SSR EA-nın İctimai elmlər bölməsinin akademik katibi olmuşdur. 1968-ci ilin fevralından ADU-nun SSRİ tarixi kafedrasında professor vəzifəsində çalışmışdır. Zaqafqaziyada sosializm quruculuğu, Azərbaycan sosializmin inkişafı məsələləri elmi fəaliyyətində mühüm yer tutmuşdur. Yüksək ixtisaslı tarixçi kadrlar hazırlanmasında xidməti olmuşdur.
İSMAYIL ABBAS OĞLU HÜSEYNOV (1910-1969)
İSMAYIL ABBAS OĞLU HÜSEYNOV (1910-1969)
Akademik, tarix elmləri doktoru adına layiq görülən ilk azərbaycanlı